Bakı. Trend:
Bakıda yolun ortasında sürücünü beysbol dəyənəkləri ilə döyən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlinin barəsində seçilmiş qətimkan tədbirinin uzadılması üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Trend xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində qətimkan tədbiri 1 ay müddətə uzadılıb.
Qeyd edək ki, bu il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları (beysbol dəyənəkləri-red.) ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.