...

Müzəffər və suveren dövlətin gəncləri “Yay Fest”də bir araya gəldilər (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2025 11:02 (UTC +04:00)
Müzəffər və suveren dövlətin gəncləri “Yay Fest”də bir araya gəldilər (FOTO)

Bakı. Trend:

Şamaxıda təbiət qoynunda keçirilən Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest”in səkkiz düşərgəsindən sayca altıncısı olan “Vətənpərvərlik” düşərgəsi uğurla yekunlaşıb. Çadır formatlı düşərgə respublikanın müxtəlif regionlarından, o cümlədən Qazaxıstan, Özbəkistan və Qırğızıstandan xarici qonaqların da olduğu 250 gənci bir araya gətirib. Düşərgənin əsas məqsədi Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Şanlı Qələbənin tarixi əhəmiyyətini təbliğ etmək, gənclərdə milli-mənəvi dəyərlərə sadiqlik, tarix və mədəniyyətə bağlılıq hisslərini gücləndirmək, eyni zamanda gənclər arasında beynəlxalq dostluq və əməkdaşlıq körpüsü qurmaq olub.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan festivalın bu həftəki proqramında gənclərin vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, dövlətçilik prinsiplərinə uyğun hərtərəfli inkişafını təmin etmək məqsədilə görüşlər, interaktiv təlimlər, motivasiyaedici sessiyalar və komanda oyunları həyata keçirilib. Hər bir fəaliyyət gənclərə Azərbaycanın güclü sabahının onun vətənpərvər və bilikli gəncləri ilə birbaşa bağlı olduğunu aşılayıb.

Düşərgə müddətində təşkil edilən “Startap bacarıqları” və “Səhnədə sən” vörkşopları, eko çanta master-klassı, intellektual oyun və “Bu Şəhərdə” kollektivinin sevimli simaları Rafael İsgəndərov və Coşqun Rəhimov ilə görüş gənclərin şəxsi inkişafını dəstəkləmək, peşəkar bacarıqlarını, yaradıcılıqlarını artırmaq və motivasiya ruhunu gücləndirmək məqsədi daşıyıb. Eyni zamanda, Vətən müharibəsi qaziləri ilə görüş, “Qələbə carçıları” mövzusunda teleaparıcı Jalə Həsənlinin ilə görüş, “Könüllülük və milli kimlik: Müasir çağırışlar və imkanlar” panel görüşü, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov ilə gənclərin səmimi görüşü və ANAMA-nın əməkdaşlarının təqdimatında “Müharibədən sonra həyat: Minatəmizləmə və yenidən qurma” adlı maarifləndirici sessiya iştirakçıların vətənpərvərlik ruhunu daha da yüksəldib. Belə ki, düşərgə boyunca keçirilən fəaliyyətlər gənclərə Vətən sevgisini daha dərindən hiss etdirməklə yanaşı, müxtəlif mədəniyyətlərin bir-birilə vəhdət təşkil etdiyi unikal bir təcrübə qazandırıb. Hər günün sonunda təşkil edilən konsert proqramı, xarici qonaqların da iştirakı ilə baş tutan “Mədəniyyət gecəsi” və ocaq ətrafında səmimi söhbətlər gənclər üçün unudulmaz xatirəyə çevrilib.

Ümumilikdə 2000-dən artıq gəncin iştirakının planlaşdırıldığı “Yay Fest 2025” 29 avqust tarixinədək davam edəcək və festival çərçivəsində “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” mövzularında ardıcıl 8 düşərgə təşkil olunacaq.

Gənclər üçün ənənə halını alan və beçinci dəfədir ki, təşkil edilən “Yay Fest 2025” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Gənclər http://yayfest.az/ veb-səhifəsinə daxil olaraq sonuncu “Qalib diplomatiya” düşərgəsinə qatılmaq üçün qeydiyyatdan keçə və seçim mərhələsində iştirak edə bilərlər. Seçim prosesində ictimai fəallığı ilə fərqlənən namizədlərə üstünlük veriləcək.

Festivalın dinamik proqramı, maraqlı yenilikləri və ən son xəbərləri izləmək üçün “Yay Fest”in Instagram səhifəsini (www.instagram.com/yayfest.az/) izləyə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti