Bakı. Trend:
Türkologiya sahəsində fəaliyyət göstərən tanınmış alim və ziyalıların təməlini qoyduğu ideyalar bu gün dövlət başçıları və Türk Dövlətləri Təşkilatı tərəfindən uğurla davam etdirilir. Hazırda belə platformalarda sərbəst iştirak etmək, milli bayraqlarımız altında yaşamaq və türk kimliyimizlə fəxr etmək xüsusi önəm daşıyır. Qeyd olunub ki, bu nailiyyətlər asanlıqla əldə edilməyib və 1926-cı ildə bu ideyaları səsləndirən şəxslər sonradan ciddi təzyiqlərlə üzləşiblər.
Trend xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına" mövzusunda panel iclasda çıxışı zamanı səsləndirib.
"Nəzərə almaq lazımdır ki, söhbət fevralın 26-da başlayıb martın 5-də yekunlaşan və 131 nümayəndənin qatıldığı bir qurultaydan gedir. Onların 92-si türk kimi qeyd olunub, 3 nəfər isə “Türkiyə türkü” kimi göstərilib. Beləliklə, ümumi iştirakçı sayı 135 nəfər təşkil edib. Onların 95-i türk idi və bu şəxslərin 92-si Sovet İttifaqı ərazisində yaşayan türklər olub. Bu fakt açıq şəkildə göstərir ki, biz müxtəlif millətlərin layihəsi deyil, eyni millətin övladlarıyıq və türkük", – deyə Baş katib bildirib.
