Kəlbəcər. Trend:
Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir.
Trend xəbər verir ki, bu sözləri Kəlbəcərə təşkil olunmuş media tur iştirakçılarına açıqlamasında AAYDA Lahiyələr üzrə mühəndisi Əyyub Huseynov bildirib.
"Tunelin tikintisi zamanı bütün təhlükəsizlik tədbirləri görülüb. Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Tuneldə qazma, həmçinin sağ və sol hissələri birləşdirən 38 keçid tuneli üzrə işlər artıq başa çatdırılıb. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilir. Bu tunellərdə əsas tikinti işləri, o cümlədən qazma, kəmər-beton və digər texniki işlərin çoxu artıq yekunlaşdırılıb", - deyə o bildirib.
Əyyub Huseynov həmçinin bildirib ki, tunelin açılışı gələn ilə nəzərdə tutulub. Avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 87 faizi icra olunub
Qeyd edək ki, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar.