Xocalı. Trend:
Media nümayəndələri Xocalıya təşkil edilən Prezidentin izi ilə media-tur zamanı rayonun Daşbulaq kəndində olub.
Trend-in Qarabağ Bürosunun xəbərinə görə jurnalistlər Qarabağa təşkil edilən media turda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 15-də olduğu Xocalı rayonunun Daşbulaq kəndində olublar.
Təşkil edilən tur zamanı jurnalistlərə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı kənddə görülən işlərlə bağlı məlumat verərək bildirib ki, kənddə uzunluğu 20 kilometr olan mövcud elektrik, həmçinin qaz xətləri, su anbarı və subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb. Eyni zamanda, 8 kilometrə yaxın qaz xətti çəkilib, içməli su şəbəkəsi yenidən qurulub, rabitə xətlərinin layihəsi təsdiqlənib və artıq tikinti işlərinə hazırlıq gedir. Kənddə sosial və məişət obyektləri istifadəyə verilib, park, bayraq meydanı salınıb, kənddaxili yollara asfalt vurulub.
Əlavə olaraq A.Telmanqızı bildirib ki, Daşbulaqda 195 ev var. Onlardan 39-u yararsız, 156-sı isə qismən yararlıdır. Artıq 15 ev bərpa edilib. Bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaq. İndiyədək kəndə 14 ailə (72 nəfər) köçüb.
Qeyd edək ki, bu kənd də Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. Bundan sonra kəndin sosial infrastrukturunun qurulması işləri icra olunub.