Bakı.Trend:
İnformasiya texnologiyalarının sürətli inkişafı, alternativ və qeyri-ənənəvi məlumat mənbələrinin yaranması isə statistik proseslərin fasiləsiz modernləşdirilməsini tələb edir.
Trend xəbər verir ki, bu fikirləri Bakıda keçirilən 3-cü Beynəlxalq Statistika Forumunda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
T.Budaqov vurğulayıb ki, Azərbaycan milli statistika sisteminin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır:
"Onun rəhbərliyi ilə yaradılmış hüquqi baza əsasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli statistika sisteminin formalaşdırılmasına başlanıb, sonrakı illərdə uğurla davam etdirilən islahatlar rəsmi statistikanın inkişafına güclü təkan verib. Qəbul olunmuş 6 dövlət proqramı çərçivəsində milli təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, milli hesablar sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması, istifadəçilərin məlumat tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, meta-məlumatların işlənilməsi və statistika orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb.
Komitə bu sertifikata layiq görülən ölkəmizin ilk mərkəzi icra hakimiyyəti orqanı olmaqla yanaşı, MDB məkanında da bu nailiyyəti əldə edən ilk statistika qurumudur”.
Komitə sədri bildirib ki, hazırda 2026-2030-cu illərdə rəsmi statistikanın inkişafına dair yeni dövlət proqramı layihəsi hazırlanmış, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmışdır.
"Bu proqramda milli statistika sisteminin qarşısında duran yeni hədəflər müəyyənləşdirilmişdir. Əsas prioritetlər beynəlxalq təcrübədən bəhrələnərək milli potensialın gücləndirilməsi, qabaqcıl milli təcrübə əsasında beynəlxalq metodoloji bazanın təkmilləşdirilməsinə töhfə verilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə statistik innovasiyaların tətbiqinə dair təcrübə mübadiləsidir.
Bu məqsədlə Dövlət Statistika Komitəsi bir çox beynəlxalq təşkilatlarla və xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq edir. Xüsusilə, Koreya Respublikasının Statistika Komitəsi ilə əməkdaşlığı qeyd etmək istərdim. 2018–2022-ci illərdə bu qurumla beş layihə icra olunub, həmin layihələr çərçivəsində Azərbaycan statistika informasiya xidməti - ASIS, elektron məlumatların yayım sistemi, inzibati məlumatların idarə olunması sistemi, elektron təlim portalları istifadəyə verilib".