Bakı.Trend:
Özbəkistan və Azərbaycan media sahəsində əməkdaşlığı gücləndirir. Təcrübə mübadiləsi və birgə layihələr tərəfdaşlığın əsas istiqamətinə çevrilir.
Bunu Özbəkistanın Prezident Administrasiyasının Kommunikasiya Departamentinin sektor müdiri Dilşod Saidcanov II Azərbaycan-Özbəkistan media forumu çərçivəsində Trend-ə deyib.
“Özbəkistan və Azərbaycanın dövlət başçıları münasibətlərimizin təməlini qoyub və onları müttəfiqlik səviyyəsinə qaldırıblar. Biz – informasiyaçıların, media tənzimləyicilərinin, jurnalistlərin, KİV-lərin vəzifəsi bu təməli doldurmaq və onun üzərində öz mərtəbələrimizi qurmaqdır”, - deyə Saidcanov bildirib.
O, Özbəkistan tərəfi ilə Azərbaycan Media İnkişafı Agentliyi arasında razılaşdırılmış yol xəritələrinin əhəmiyyətini vurğulayıb:
“Biz media forumlarının keçirilməsi ənənəsini qoyduq. Birinci forum Daşkənddə uğurla baş tutdu. Aydın oldu ki, bizim bir-birimizdən öyrənməli çox şeyimiz var. Azərbaycanın özünəməxsus, çətin, amma çox faydalı və praktik təcrübəsi mövcuddur”.
Saidcanov əlavə edib ki, təcrübə mübadiləsi və praktiki nümunələrin müzakirəsi media sahəsində normaların və qanunların təkmilləşdirilməsinə kömək edir:
“Biz də öz təcrübəmizi bölüşürük. Özbəkistanda təxminən 2 400 media qurumu fəaliyyət göstərir və bu sahədə tənzimləmə, qarşılıqlı əlaqə və informasiyanın çatdırılması, söz azadlığının və dövlət qurumlarının açıqlığının təmin edilməsi bizim üçün çox vacibdir”.
O, həmçinin yeni birgə təşəbbüslərin hazırlandığını bildirib:
“Biz Media İnkişafı Agentliyinə Özbəkistan Prezident Administrasiyası yanında Milli Kontent İstehsalı Mərkəzi ilə memorandum imzalamağı təklif etdik. Memorandum çərçivəsində media forumlarının davam etdirilməsi, mətbuat katibləri üçün təlimlərin təşkili və media turların keçirilməsi nəzərdə tutulur ki, bu da özbək auditoriyasının Azərbaycanın tarixi, mədəniyyəti və turizm məkanları ilə daha yaxından tanış olmasına imkan verəcək”.