Bakı.Trend:
Su tarifləri ilə bağlı ADSEA olaraq Türkiyə və Avropa
ölkələrinin təcrübələrini araşdırmışıq. Bu ölkələrdə geniş tətbiq
edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır.
Trend xəbər verir
ki, bunu Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində
panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.
ADSEA rəsmisi qeyd edib ki, bu məsələ “Sudan səmərəli istifadə üzrə Milli Su Strategiyamız”da da öz əksini tapıb. Strategiyada hədəf kimi göstərilib: "Hazırda bu məsələnin təhlili aparılır. Təhlil başa çatdıqdan sonra müvafiq təklifimizi Tarif Şurasına təqdim edəcəyik".
Ə.Şirinov deyib ki, diferensial tarif əsasən aşağı gəlirli
təbəqəni qorumağa xidmət edir:
“Yəni, onlar üçün daha güzəştli qiymətlər tətbiq olunur. İkinci
mərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksək
müəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Bundan əlavə,
kommersiya subyektləri var ki, onlar sudan istifadə edərək gəlir
əldə edirlər. Onlar üçün də ayrıca, fərqli tariflər
müəyyənləşdirilir. Bu məsələ üzərində iş davam edir, hələ
təklifimizi rəsmi olaraq təqdim etməmişik”.
Ə.Şirinov vurğulayıb ki, adətən diferensial tarif deyəndə
insanlar qiymətlərin bahalaşacağını düşünürlər:
“Diferensial tarifin məqsədi isə aşağı gəlirli əhalini qorumaq,
onlara güzəştli qiymətlər vermək, kommersiya və çox su istifadə
edən obyektlər üçün isə tarifləri daha düzgün səviyyədə müəyyən
etməkdir”.