Bakı. Trend:
TƏBİB “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair
Dövlət Proqramı”nın təmin edilməsi istiqamətində tədbirləri davam
etdirir.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, uşaqların icbari dispanserizasiyası çərçivəsində cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərinin Yasamal, Səbail, Binəqədi, Nəsimi, Nərimanov, Suraxanı, Sabunçu, Xətai, Qaradağ, Nizami və Xəzər rayonları üzrə 543 389 uşaq icbari dispanserizasiya müayinələrinə cəlb olunub.
Bu müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan
tibb müəssisələrinin tibb heyəti tərəfindən Bakı şəhərinin orta
ümumtəhsil, məktəbəqədər təhsil müəssisələri və xüsusi internat
məktəblərində həyata keçirilib. Müayinələrdə həkim-pediatr,
həkim-nevroloq, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq,
həkim-cərrah, həkim-stomatoloq, həkim-laborant və s. ixtisaslı
mütəxəssislər iştirak edib.
Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb
rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin
qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə
müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan
xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub.
Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir.
İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.
İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir. Proses il ərzində mütəmadi şəkildə davam etdirilir.