...

“Jurnalistlərin Silahlı Münaqişələrdə Müdafiəsi” - Umud Mirzəyev Beynəlxalq Konfransda (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2025 16:44 (UTC +04:00)
“Jurnalistlərin Silahlı Münaqişələrdə Müdafiəsi” - Umud Mirzəyev Beynəlxalq Konfransda (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qətərin paytaxtı Doha şəhərində Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsi (NHRC) Əl-Cəzirə Media Şəbəkəsinin tərkibində fəaliyyət göstərən Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Silahlı Münaqişələrdə Jurnalistlərin Müdafiəsi” mövzusunda Beynəlxalq Konfrans təşkil edib.

Trend xəbər verir ki, 8-9 oktyabr tarixində keçirilən konfransda mətbuat azadlığının möhkəmləndirilməsi və jurnalistlərin müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq və regional müstəqil təşkilatların rəhbərləri, müvafiq BMT mexanizmləri və regional sistemlər üzrə ekspertlər, həmçinin jurnalistlərin təhlükəsizliyini dəstəkləyən ölkələri təmsil edən və Qətərdə akkreditə olunmuş diplomatik korpus üzvləri iştirak edirlər.

Həmçinin, Beynəlxalq Konfransda ölkəmizdən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də iştirak edir.

Beynəlxalq Konfrans dünyanın müxtəlif münaqişə zonalarında peşə fəaliyyətini həyata keçirərkən həlak olan jurnalistlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.

Konfransı giriş sözü ilə açıq elan edən Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah Al Attiyah və Əl-Cəzirə Media Şəbəkəsinin Baş direktoru Şeyx Nasir bin Faysal bin Xəlifə Al Tani dünya miqyasında baş verən jurnalist ölümlərindən dərin təəssüf hissi keçirdiklərini bildiriblər.

Məryəm bint Abdullah Al Attiyah vurğulayıb ki, münaqişə zonalarında jurnalistlərin qorunması mövzusunda keçirilən konfrans, dünyanın bir çox bölgələrində media işçilərinin məqsədli hədəfə alınmasına cavab olaraq təşkil olunur və dünyadakı insan hüquqları təşkilatları jurnalistlərə qarşı belə məqsədli hücumlara qarşı çıxmalıdırlar. O əlavə edib ki, jurnalistlərin qətlə yetirilməsi onların dünyaya çatdırdıqları həqiqətin məhv edilməsidir. Bu yalnız ən əsas insan hüququ - həyat hüququnun pozulması deyil, həm də digər insanların məlumat və həqiqətə çıxış hüquqlarının pozulmasıdır.

Şeyx Nasir bin Faysal Al-Tani isə beynəlxalq jurnalist icmasını və insan hüquqları müdafiəçilərini ön cəbhədə olan jurnalistləri qorumaq üçün birləşməyə çağırıb. O qeyd edib ki, Əl-Cəzirə münaqişələri işıqlandırarkən bir çox əməkdaşını itirib. O, beynəlxalq ictimaiyyəti bu sistemli cinayətlərə qarşı möhkəm mövqe tutmağa və jurnalistləri qorumağa çağırıb ki, onlar hədəfə alınmaqdan və qorxudulmaqdan qorxmadan fəaliyyət göstərə bilsinlər.

Qeyd edək ki, iki gün davam edəcək Beynəlxalq Konfransda mətbuat azadlığı qurbanlarının insan və sosial aspektlərinə, habelə hədəfə alınma və hüquq pozuntularının onların ailələrinə, icmalarına, həmkarlarına və geniş jurnalist mühitinə təsirlərinə diqqət çəkiləcək.

Konfrans həmçinin silahlı münaqişələrdə jurnalistlərə qarşı pozuntuları araşdırmaq üçün beynəlxalq faktaraşdırıcı komitələrin yaradılmasını nəzərdə tutan təklifin qəbul olunması daxil olmaqla, beynəlxalq qorunma mexanizmlərinin gücləndirilməsi yollarını araşdıracaq.

Konfransda yeddi plenar sessiya keçiriləcək. Sessiyalar həm ərəb, həm də ingilis dillərində aparılacaq və aşağıdakı məsələlər müzakirə olunacaq:

- Jurnalistlər və media - Şahid və qurban

- Silahlı münaqişələr zamanı Jurnalistlərin və medianın müdafiəsi üçün hüquqi kontekst

- Jurnalistlərin müdafiəsində beynəlxalq və milli mexanizmlərin rolu - Hüquq pozuntularının reallığı və müdafiə səyləri

- Dövlətlərin, təşkilatların və vətəndaş cəmiyyətinin təşəbbüsləri - Çağırışlar və imkanlar

- Hesabatlılıq, ədalət, qurbanlara təzminat və cəzasızlığın qarşısının qlınmasında çağırışlar - Real vəziyyət və arzular

- Media ilə beynəlxalq təşkilatlar arasında tərəfdaşlıq üçün əsaslar: Növbəti addımlar

- Bağlanış bəyanatı və konfrans tövsiyələri: “Üçüncü Doha Bəyannaməsi: Silahlı Münaqişələrdə Jurnalistlərin Müdafiəsi”

Silahlı Münaqişələrdə Jurnalistlərin Müdafiəsinə dair Beynəlxalq Konfrans 2016-cı ilin mart ayında Dohada keçirilmiş Beynəlxalq Mətbuat İnstitutunun (IPI) Dünya Konqresi çərçivəsində, Əl-Cəzirə Media Şəbəkəsinin ev sahibliyi ilə qəbul olunmuş Jurnalistlərin Müdafiəsinə dair Ümumdünya Bəyannaməsi - Doha Bəyannaməsi əsasında təşkil olunur. Bu Bəyannamə 2016, 2018, 2020 və 2022-ci illərdə BMT İnsan Hüquqları Şurasının jurnalistlərin təhlükəsizliyi ilə bağlı qəbul etdiyi qətnamələrdə rəsmən alqışlanıb. Doha Bəyannaməsi həmçinin, 2016-cı ilin may ayında UNESCO tərəfindən Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş beynəlxalq konfransda qəbul edilən Finlandiya Bəyannaməsi ilə dəstəklənib. Doha Bəyannaməsi təkcə dünyanın 70-dən çox media qurumu və təşkilatı tərəfindən dəstəklənməmiş, həm də 1,500-dən çox jurnalist tərəfindən imzalanıb.

Xəbər lenti

Xəbər lenti