Bakı. Trend:
Oktyabrın 9-da Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə
nazirləri arasında 12-ci üçtərəfli görüş keçirilib.
Türkiyənin Ankara şəhərində keçirilən görüşdə xalqlarımız arasında
mehriban qonşuluq və dostluq münasibətlərinin, qarşılıqlı
əlaqələrin dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə daim
inkişaf etdiyi diqqətə çatdırılıb.
Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani regionda mövcud hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini, eləcə də hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər.
Görüşdə müdafiə sahəsində üçtərəfli əməkdaşlığın bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi qeyd olunub.
Tərəflər, həmçinin ölkələrimiz arasında keçirilən üçtərəfli və ikitərəfli birgə təlimlərin vacibliyini vurğulayaraq hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Üçtərəfli görüşün yekununa dair protokol imzalandıqdan sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib.