Bakı. Trend:
Vətəndaş məmnunluğunun artırılması, xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və vaxt itkisinə yol verilməməsi məqsədilə Daxili İşlər Nazirliyi təqdim etdiyi elektron xidmətləri davamlı şəkildə təkmilləşdirir.
Trend xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş “Məhkumluq haqqında arayış”ın elektron şəkildə əldə olunması prosesi tam avtomatlaşdırılıb. Artıq bu arayışı “E-Polis” mobil tətbiqi və “e-xidmet.mia.gov.az” portalı vasitəsilə bir neçə saniyə ərzində elektron qaydada almaq mümkündür.
Əvvəllər arayışın alınması üçün sənədlərin təqdimatı, yoxlanması və hazırlanması müəyyən vaxt tələb etdiyindən vətəndaşlar növbədə gözləməli və dövlət orqanına müraciət etməli olurdular. Yeni sistem sayəsində isə təxminən bir günə alınan arayış indi real vaxt rejimində, onlayn şəkildə əldə edilir.
Bu yenilik fiziki növbələri aradan qaldırır, vaxt itkisini minimuma endirir, xidmətin operativliyini və şəffaflığını artırır. Eyni zamanda, dövlət orqanları arasında məlumat mübadiləsi sürətlənir, sənədlərin fiziki daşınmasına və arxivləşdirməyə ehtiyac qalmır.
Daxili İşlər Nazirliyi rəqəmsal dövlətə keçidin real nümunələrini yaratmaqda və vətəndaş məmnunluğunu artıran yenilikləri tətbiq etməkdə davam edir.
                                    