...

Hazırda məktəbəqədər bir uşağın dövlətə düşən illik xərci təxminən 4500 manat təşkil edir - Emin Əmrullayev

Cəmiyyət Materials 13 Noyabr 2025 12:17 (UTC +04:00)
Hazırda məktəbəqədər bir uşağın dövlətə düşən illik xərci təxminən 4500 manat təşkil edir - Emin Əmrullayev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda məktəbəqədər bir uşağın dövlətə düşən illik xərci təxminən 4500 manat təşkil edir. Azərbaycanda bu yaş qrupunda 600 minədək uşaq mövcuddur. Deməli, bütün uşaqları məktəbəqədər təhsilə cəlb etmək istəsək, ümumi xərclər təxminən 2,7 milyard manat olacaq.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir vurğulayıb ki, bu rəqəmin yalnız məktəbəqədər təhsilə yönəldilməsi növbəti illər üçün real deyil:

“Hətta bu məbləğin 50%-nin belə qarşılanması kifayət qədər ciddi çətinliklər yarada bilər. Dünyanın heç bir ölkəsində məktəbəqədər təhsil sistemi tam şəkildə dövlət tərəfindən maliyyələşdirilmir. 100% əhatəli və tam dövlət maliyyəli belə sistem tapmaq çox çətindir.

Bu səbəbdən, son illərdə biz alternativ modellər tətbiq etməyə başlamışıq. Bu modellərdə uşağın sosial qruplaşması, valideynin işləyib-işləməməsi, şəhər və kənd bölgüsü kimi meyarlar nəzərə alınmalıdır.

Lakin bu investisiyanın nəticələrini dərhal görmək mümkün deyil. Məsələn, məktəbəqədər hazırlıq qruplarına cəlb edilən uşaqların təhsil nəticələri 10–12 ildən sonra ölçülə bilər. Hazırda PİSA qiymətləndirməsinin nəticələri ilə həmin uşaqları tam əhatə etmək mümkün deyil. Amma gələcəkdə bu təsirləri daha aydın şəkildə müşahidə etmək mümkün olacaq.

İcma əsaslı məktəbəqədər təhsil ənənəvi modellə müqayisədə orta hesabla 8 dəfə daha ucuz başa gəlir. Bu, o deməkdir ki, bir uşağın ənənəvi məktəbəqədər təhsili yerinə, eyni vəsaitlə 8 uşağı icma əsaslı modelə cəlb etmək mümkündür. Hazırda bu modelə cəlb olunan uşaqların sayı 20 minə çatıb”.

E.Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi digər pilot model də uğurlu nəticələr verib:

“Hazırda 5000-ə yaxın uşaq bu sistemlə təhsil alır. Bu model özəl məktəbəqədər təhsil müəssisələrinə ”voucher” sistemi ilə dövlət dəstəyini nəzərdə tutur. Yəni dövlət, bir uşaq üçün özəl sektora 3000–3500 manat arası (yerindən asılı olaraq) maliyyə vəsaiti ayırır. Valideyn isə cüzi bir hissəni ödəməklə uşağını özəl müəssisəyə göndərə bilir.

Bu model üzrə hazırda 5000 uşaq təhsilə cəlb olunub və 2027–2030-cu illər üçün bu sayın 30 minə çatdırılması planlaşdırılır.

Məktəbəqədər təhsilə qoyulan investisiya uzunmüddətli dövrdə həm iqtisadiyyata, həm də insan kapitalının inkişafına yönəlmiş ən səmərəli sərmayədir. Son 5 ildə 100 minədək yeni məktəbəqədər təhsil yeri yaradılıb. Bu, çox ciddi göstəricidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti