Bakı.Trend:
Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib.
Trend xəbər verir ki, noyabrın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən “Çin Ziyarətçiləri Sammiti” (China Visitors Summit) keçirilib.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, hazırda Çinlə turizm əlaqələrində iki əsas istiqamətə - ölkəmizdə “China Ready” konsepsiyasının tətbiqinə və Çində marketinq fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət verilir.
O, bu kimi tədbir və təşəbbüslərin Azərbaycan və Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Çin Xalq Respublikasının səfiri Lu Mey bildirib ki, 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən Çin-Azərbaycan münasibətləri daim dinamik və sabit xətlə inkişaf edib. Çin və Azərbaycan arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illərdə daha da möhkəmlənib və turizm bu əlaqələrin mühüm sahələrindən birinə çevrilib.
Səfir vurğulayıb ki, bu kimi tədbirlər Çin və Azərbaycan turizm sənayeləri arasında körpü rolunu oynayaraq yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.
“China Visitors Summit” Çin turizm şirkətlərinin iştirakı ilə hər il dünyanın müxtəlif ölkələrində keçirilərək ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə təşkil edilən beynəlxalq platforma kimi çıxış edir. Bakıda ilk dəfə təşkil olunan tədbirdə Çinin 50-dən çox turizm şirkətinin nümayəndələri ilə yerli turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlərin keçirilməsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur.
Tədbir çərçivəsində Çin turizm şirkətlərinin Şamaxı, Qəbələ, Şəki və Qax rayonlarına səfərlərinin təşkili və regional turizm potensialının tanıdılması planlaşdırılır.
Qeyd edək ki, 2024-cü il ərzində Çindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı 2023-cü il ərzində səyahət edənlərlə müqayisədə 94% artaraq 44 798 nəfərə çatıb. 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Çindən Azərbaycana səyahət edən xarici vətəndaşların sayı isə 57 000 nəfərdən çox olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 49% artım deməkdir.
Son iki ildə Çinlə turizm əməkdaşlığını genişləndirmək məqsədilə genişmiqyaslı təbliğat və tanıtım tədbirləri həyata keçirilib, o cümlədən “Qyer.com, “Qunar” və “Trip.com Group” ilə əməkdaşlıq memorandumları imzalanıb. Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin turizm imkanlarını “COTTM 2023”, “GITF 2024” və “ITB China 2025” sərgilərində, həmçinin Çinin müxtəlif şəhərlərində keçirilən təqdimatlarda nümayiş etdirilib. Çinli turizm şirkətləri ilə mütəmadi görüşlər keçirilib, “Wechat”, “Weibo”, “Qunar”, “C-trip”, “Fliggy”, “Douyin” və “Little Red Book” kimi platformalarda ölkəmizin aktiv təbliğatı aparılıb, blogerlərin səfərləri təşkil olunub. Növbəti il üçün Çində daha geniş media kampaniyaları, tanışlıq səfərləri və müxtəlif şəhərlərdə silsilə təqdimat tədbirlərinin keçirilməsi planlaşdırılır.
