Bakı. Trend:
Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusunda ikinci panel sessiya keçirilib.
Trend xəbər verir ki, panel sessiya CBC telekanalının baş redaktoru, Xəbərlər, xüsusi layihələr və SMM şöbəsinin rəhbəri Elmira Musazadənin moderatorluğu ilə keçirilib.
Panel sessiyada Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova, “Qazaxıstan” Respublika Teleradio Korporasiyası Səhmdər Cəmiyyətinin “Balapan” telekanalının direktoru Makpal Ukenova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin departament rəhbəri Tohir Umarov və Şimali Kipr Türk Respublikasının xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı spiker qismində çıxış ediblər.
Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin tanınmış "Demirören Agentliyi" (DHA) süni intellekt əsaslı rəqəmsal platformaya TDT və D8 ölkələrinin mediasını dəvət edir.
Paneldə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova bildirib ki, Trend və DHA agentlikləri birlikdə çox maraqlı bir layihə ilə çıxış ediblər: müasir informasiya texnologiyalarına əsaslanan və bu gün üçün zəruri əməkdaşlığı ehtiva edən yeni bir platforma.
"Biz artıq digər dövlətləri, hətta türkdilli olmayan ölkələri də bu layihəyə cəlb etmişik. Çinin nüfuzlu "Xinhua" Agentliyi də layihəyə qoşulmağa razılıq verib. Eyni zamanda, türk dövlətlərindən olan bütün həmkarlarımızı da bu platformaya dəvət etmişik. Burada bir multimedia stoku yaradılıb”, - deyə deputat bildirib.
S.Mikayılova vurğulayıb ki, xüsusilə internet məkanında dezinformasiyanın geniş vüsət aldığı bir dövrdə belə bir platformanın mövcudluğu böyük əhəmiyyət kəsb edir.
“Süni intellekt vasitəsilə yaradılan yalan informasiyalara cavab olaraq doğru və dəqiq kontentin çox olması vacibdir. Məhz bu məqsədlə biz bu stoku yaratdıq. Həmçinin, süni intellekt vasitəsilə müxtəlif dillərə tərcümə imkanlarını ilk dəfə uğurla tətbiq edərək çox müsbət nəticə əldə etmişik", - deyə millət vəkili vurğulayıb.
S. Mikayılova əlavə edib ki, digər ölkələrdən olan həmkarları da platformaya cəlb etməklə çox müsbət bir media mühiti formalaşdırıla bilər:
"Burada dəqiq, ictimaiyyəti düzgün istiqamətləndirən xəbərlər təqdim ediləcək. Xəbərin mahiyyətindən asılı olmayaraq məlumat korrekt və etibarlı olacaq. Dövlətlər arasında strateji kommunikasiyanın qurulması bu gün çox vacibdir. Etiraf etməliyik ki, sosial media və ənənəvi media ictimai şüura təsir baxımından son dərəcə güclü vasitələrdir. Amma belə platformaların mövcudluğu, dəqiq informasiya mənbələrinin toplandığı mühitin yaradılması vacibdir. Diplomatlar, qərarverici şəxslər və media savadlılığı olan insanlar üçün bu platforma çox dəyərlidir. Zaman keçdikcə texnologiyaların inkişafı ilə bu mühitdə daha yüksək səviyyəli media sistemi formalaşacaq. Lakin indiki mərhələdə dayana bilmərik: həm qanunvericilik bazasını möhkəmləndirməli, həm də yeni media hüququnun yaradılması və əməkdaşlıq platformalarının qurulması istiqamətində çalışmalıyıq”,- deyə S.Mikayılova bildirib.
Deputat bir neçə gün əvvəl Bakıda D8 ölkələrinin Media Forumunun keçirildiyini xatırladaraq qeyd etdi ki, dövlətin apardığı siyasi xətti ideoloji baxımdan möhkəmləndirmək üçün bu cür forumlara böyük ehtiyac var.
“Digər ölkələri də platformaya cəlb etməklə coğrafiyamızda dəqiq informasiyanın əhatə dairəsini genişləndirə bilərik. Beləliklə, fake news, dezinformasiya ilə mübarizədə bir sədd yarada bilərik. Bu, bütün həmkarlarımız üçün çox faydalı olacaq", - deyə S. Mikayılova fikrini tamamlayıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir panel sessiyada çıxışı zamanı bildirib ki, Türkiyə və Azərbaycan xəbər agentlikləri arasında əlaqələr hər ötən gün daha da inkişaf edir. Bu məsələlərdə Trend Beynəlxalq İnformasiya Agentliyinin çox önəmli bir payı var.
Alptekin Cihangir İşbilir xatırladıb ki, Trend Beynəlxalq İnformasiya Agentliyi həm “Albayrak” Media Qrupu, həm “Demirören” İnformasiya Agentliyi ilə çox güclü əməkdaşlıq mexanizmi həyata keçirir və ortaq istehsal həyata keçirir:
“Biz Trend Beynəlxalq İnformasiya Agentliyinin xəbərlərini, “Azernews” qəzetini, “TurkicWorld” platformasını çox yaxından izləyirik. Bu əməkdaşlığın daha yüksək səviyyələrdə inkişaf etdirilməsi üçün Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat müşavirliyi olaraq üzərimizə düşəni etməyə çalışırıq”.
Mətbuat müşaviri bildirib ki, Trend-in “TurkicWorld” layihəsi Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin bütün media orqanları üçün çox gözəl modeldir:
“Bu model ilk növbədə həm analoq, həm də rəqəmsal mediada tətbiq edilməli, örnək alınmalıdır. Trend-in ərsəyə gətirdiyi bu əməkdaşlıq modeli bütün türk ölkələrinin xəbər agentlikləri üçün də bu istiqamətdə müxtəlif layihələrin keçirilməsində baza rolunu oynaya bilər”.
A.C.İşbilir vurğulayıb ki, Trend-lə “Albayrak”, “Demirören” və digər agentliklərin əməkdaşlıq modeli sadəcə Azərbaycan və Türkiyə çərçivəsində əhatələnməməlidir:
“Bu, eyni zamanda digər türk dövlətlərində də tətbiq edilməlidir. Türk dövlətlərinin digər agentlikləri ilə də eyni səviyyədə bağlantılar qurulmalıdır.
Mən bu modeldən örnək götürüləcəyini düşünürəm. Bu, Türk Dövlətləri Təşkilatının vahid media agentliyi kimi dezinformasiya ilə mübarizə mexanizminin qurulmasında da örnək olmalıdır”.
O, sonda Trend Beynəlxalq İnformasiya Agentliyini həm türk dünyasına göstərdiyi xidmətlər, həm də Azərbaycan-Türkiyə media əlaqələrinin inkişafına verdiyi faydalara görə təbrik edib.
Spikerlər rəqəmsal media mühitində əməkdaşlıq mexanizmlərinin
formalaşdırılması, birgə kontent istehsalının təşviqi, informasiya
mübadiləsinin genişləndirilməsi ilə bağlı fikirlərini
bölüşüblər.
Paneldə vurğulanıb ki, rəqəmsal informasiya mühitində sürətlə baş
verən dəyişikliklər TDT ölkələri arasında daha çevik və qarşılıqlı
etimada əsaslanan əməkdaşlıq platformalarının qurulmasını zəruri
edir.
Qeyd edilib ki, ortaq rəqəmsal layihələrin icrası, informasiya axınının operativ idarə edilməsi və media qurumları arasında əlaqələrin möhkəmləndirilməsi üzv dövlətlərin kommunikasiya imkanlarını genişləndirə, regionda vahid və dinamik media məkanının formalaşmasına şərait yarada bilər.
Forum çərçivəsində həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media əlaqələri üzrə meneceri Eldar Rəsulov “Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media imkanları” mövzusunda təqdimatla çıxış edərək 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun dayanıqlı şəhər inkişafı, modern urbanistika və “ağıllı şəhər” konsepsiyalarının müzakirə ediləcəyi ən böyük qlobal platformalardan biri olduğunu diqqətə çatdırıb.
O qeyd edib ki, WUF13 çərçivəsində media üçün geniş imkanlar yaradılacaq, jurnalistlər üçün yüksək sürətli internet, tam təchiz olunmuş iş masaları, press-konfrans və müsahibə otaqları ilə təmin olunmuş Media Mərkəzi fəaliyyət göstərəcək.
