Bakı. Trend:
2026-cı il üçün yerli özünüidarəetmə orqanlarına ayrılan dotasiyada artım nəzərdə tutulmayıb. Hesab edirəm ki, burada artımların əlavə olunmasına ehtiyac var.
Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, bəzi rayonlar, Xocavənd rayonu istisna olmaqla, dövlət dotasiyası almadan öz gəlirlərini toplamaqdadır:
“Həmin rayonlarda toplanan gəlirlərin 50%-i rayonda qalır. Bu göstəricini 70%-ə qaldırmaq olar. Çünki vətəndaşlar müraciətlərini əsasən rayon icra hakimiyyətlərinə edirlər və köməklik də onlardan gözləyirlər. Ona görə də, yerli özünüidarəetmə sistemləri və yerli icra hakimiyyətlərinə bu əlavələr olunsun”.
Millət vəkili xatırladıb ki, bu gün ölkədə dövlət maraqları çərçivəsində fəaliyyət göstərən partiyalar var.
“AXCP və Müsavat kimi vətənə xəyanət edən partiyalar istisna olmaqla, digər partiyalar dövlətlə birgə, vahid mövqedə çalışırlar. Bu baxımdan siyasi partiyalara ayrılan büdcənin də artırılması məqsədəuyğun olar”, - deyə o qeyd edib.
