Bakı. Trend:
Tanınmış hüquqşünas alim, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin yeni kitabı nəşr olunub.
Trend xəbər verir ki, respublikamızda ilk dəfə olaraq nəşr olunan “İnsan hüquqları. Ensiklopediya” adlı kitab Konstitusiya və Suverenlik ilinə həsr edilib.
Dekabrın 5-də “Beynəlxalq İnsan Hüquqları Günü” ərəfəsində kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində müxtəlif dövlət qurumlarının, ali təhsil müəssisələrinin, parlamentin, məhkəmə və prokurorluq orqanlarının, vəkilliyin, mediasiyanın, beynəlxalq təşkilatların, QHT və media nümayəndələri, həmçinin müəllim və tələbələr iştirak ediblər.
Kitab BDU Hüquq fakültəsinin Elmi Şurasının qərarı əsasında bp şirkətinin dəstəyi ilə çap edilib. Kitabın rəyçisi Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasıdır.
Təqdimat mərasimində çıxış edən ensiklopediyanın müəllifi Zaur Əliyev bildirib ki, respublikamızda insan hüquqları sahəsində islahatların əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri insan hüquqlarının qorunması olub. Ulu Öndərin müəllifi olduğu ilk milli konstitusiyamızın insan hüquqlarına hörmət və insan ləyaqətinin üstünlüyü prinsiplərinə əsaslandığını, əsas qanunda insan hüquqlarının primatlığı prinsipinin öz əksini tapdığını, 1998-ci ildə Ulu Öndər tərəfindən insan hüquqlarının müdafiəsinə dair ilk dövlət proqramının təsdiq edildiyini, ölüm hökmünün ləğvinin Ulu Öndərin insanın həyatına, ləyaqətinə, yaşamaq hüququna böyük önəm verdiyinin və öz fəaliyyətində humanizm və insan hüquqlarına hörmət prinsiplərini rəhbər tutmasının mühüm göstəricisi olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İnsan Hüquqları Gününün təsis edilməsi, insan hüquqlarının müdafiəsinə dair milli fəaliyyət planı və proqramlarının və bununla bağlı digər sənədlərin imzalanmasının dövlət başçısının Ulu Öndərin insan hüquqları siyasətini uğurla davam və inkişaf etdirməsinin mühüm göstəricisi olduğunu vurğulayıb. Ulu Öndərin xeyirxahlıq missiyasının Heydər Əliyev Fondu tərəfindən yaşadıldığını qeyd edən müəllif Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinin insan hüquqlarının, xüsusilə sosial hüquqların səmərəli təmin olunmasına yönəldiyini bildirmişdir.
Hər bir hüquqi dövlətdə insan hüquqlarının tədrisinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan müəllif təqdim olunan ensiklopediyanın hüquq elminin bu mühüm sahəsinin dərindən öyrənilməsinə xidmət etdiyini bildirmişdir. Ensiklopediyada insan hüquqlarının müxtəlif məsələlərinə həsr olunmuş və insan hüquqlarının həm nəzəri, həm də praktik aspektlərini əhatə edən mindən çox müddəanın öz əksini tapdığını qeyd edən müəllif burada hüquq ədəbiyyatında ilk dəfə olaraq bir sıra anlayışların, məsələn etnik təmizləmə, şəxsin suverenliyi, qayıdış hüququ və digər bu kimi terminlərin ətraflı izahının və şərhinin verildiyini diqqətə çatdırmışdır.
2014-cü ildə bu işə başlayarkən əsas iki məqsədinin olduğunu qeyd edən müəllif bunlardan birinin insan hüquqlarını sistemli, elmi və eyni zamanda hamı üçün anlaşılan şəkildə təqdim etmək, ikincisi isə Azərbaycan hüquq elminə yeni geniş həcmli və etibarlı bir mənbə qazandırmaq olduğunu bildirmişdir. Dövlət suverenliyinin və insan hüquqlarının paralel inkişaf etdikdə cəmiyyətin güclü olduğunu bildirən müəllif məhz bu baxımdan təqdimatın belə bir xüsusi ildə keçirilməsinin xüsusi rəmzi məna daşıdığını qeyd etmişdir.
Bu yolda ona dəstək olan insanlara, alimlərə, müəllimlərinə təşəkkürünü bildirən müəllif həmçinin ona daim motivasiya verən tələbələrinə də minnətdarlığını ifadə edərək, onların suallarının və enerjisinin bu kitabın formalaşmasına təsir göstərdiyini vurğulamışdır.
Çıxışının yekununda Z.Əliyev insan hüquqları üzrə bələdçi olan bu ensiklopediyanın nəşrinin Konstitusiya və Suverenlik İlinə, həmçinin Azərbaycan ictimaiyyəti üçün dəyərli töhfə olacağına ümid etdiyini bildirmişdir.
Təqdimat mərasimində çıxış edənlər ölkəmizdə ilk dəfə nəşr edilən insan hüquqları üzrə ixtisaslaşmış ensiklopediyanın hüquq elminin dərindən və hərtərəfli öyrənilməsi baxımından əhəmiyyətini vurğulayaraq bu unikal ensiklopedik vəsaitin həm də insan hüquqlarının səmərəli tədrisinə yardımçı olacağını bildirmişlər. Vurğulanmışdır ki, insan hüquqlarının elmi-nəzəri cəhətdən öyrənilməsi və praktiki tətbiqi haqqında biliklərin, insan hüquqlarına hörmətə əsaslanan hüquq mədəniyyəti və hüquq düşüncəsinin formalaşmasında, gənc nəslin insan hüquqlarına hörmət ruhunda tərbiyə olunmasında təqdim olunan bu ensiklopediyanın özünəməxsus rolu olacaqdır.
Qeyd edək ki, Ensiklopediyada həmçinin konstitusiya və suverenliklə, Vətən müharibəsi, Zəfərlə, Türk Dövlətləri Təşkilatı ilə bağlı bir sıra mühüm müddəalar da təsbit olunmuşdur. Ensiklopediyanın “Vətən müharibəsi” hissəsində müəllif Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adının tarixə “Qalib Azərbaycan dövlətinin banisi” kimi qızıl hərflərlə yazıldığını xüsusi vurğulayır.
Ensiklopediya tələbələr, magistrantlar, doktorantlar, müəllimlər, elmi işçilər, hüquq müdafiəçiləri, hüquqşünaslar, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, insan hüquqları sahəsində ixtisaslaşan təşkilatların nümayəndələri, həmçinin insan hüquqları ilə maraqlanan oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. Ensiklopediyadan həmçinin ali təhsil müəssisələrində dərs vəsaiti kimi də istifadə edilə bilər.
