Bakı.Trend:
"Elm və Təhsil Nazirliyi media savadlılığının artırılması üzrə ən effektiv təhsil yanaşmasının bu mövzunun məhz inteqrasiya olunmuş formada tədrisini mühüm hesab edir və bu sahədə tədbirlər həyata keçirir".
Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan dili dərsində şagirdlər bir xəbəri oxuyub onun mənbəyini araşdıra, bu barədə öz fikirlərini, mülahizələrini irəli sürə bildikləri kimi tarix dərslərində də informasiyanın ictimai-siyasi rəyə təsiri müzakirə oluna bilər:
"İnformatika fənni üzrə kurikulumda da şagirdlərdə informasiya,
media savadlılığı ilə bağlı müvafiq səriştələrin formalaşdırılması
nəzərdə tutulur. Məlumat üçün bildirim ki, son illərdə yenilənən və
ya təkmilləşdirilən ümumi təhsil fənləri üzrə kurikulumlarda
informasiya/media savadlılığının artırılması məsələsi xüsusi olaraq
vurğulanır. Bu çərçivədə şagirdlərə, həmçinin media
manipulyasiyası, dezinformasiya, kiberqısnama kimi medianın mənfi
tərəfləri ilə effektiv mübarizə yolları öyrədilir. Yeni hazırlanmış
Həyat bilgisi fənni üzrə kurikulumda nisbətən aşağı yaşlı
şagirdlərə elektron cihazların insan həyatında əhəmiyyətinin izah
olunması, əldə edilmiş informasiyaların təhlil edilməsi və faydalı
olanların ayırd edilməsi bacarıqlarının formalaşdırılması
məsələləri yer alır.
Yenicə təkmilləşdirilən İnformatika fənni üzrə kurikulumda da
şagirdlərdə informasiya/media savadlılığı ilə bağlı müvafiq
səriştələrin formalaşdırılması nəzərdə tutulur. Məsələn,
kibercinayətkarlığın müxtəlif növləri barədə məlumatlı olmaq, o
cümlədən ictimailəşdirilmiş informasiyanın, xüsusilə, şəxsi və ya
həssas məlumatların pisniyyətli şəxslər tərəfindən ələ keçirilib
mənfi məqsədlər üçün istifadə olunmasının mümkünlüyü, habelə
istifadə etdiyimiz veb-saytların etibarlılıq baxımından
dəyərləndirilməsinin vacibliyi, süni intellektin mənfi və müsbət
tərəfləri və bu kimi digər məsələlər vurğulanır", - deyə S.Rzayev
qeyd edib.
