Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Tərtər-Kəlbəcər, Mingəçevir-İsmayıllı, Göyçay-Gəncə şəhərlərarası və Kuzunqışlaq kəndi - Qusar avtovağzalı, Əniq kəndi - Qusar avtovağzalı və Bağçakürd kəndi (Goranboy) - Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Belə ki,
Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol 2023" MMC;
Tərtər-Kəlbəcər marşrutu üzrə fiziki şəxs Əsədov Sevdimalı Hüseyn oğlu;
Mingəçevir-İsmayıllı marşrutu üzrə fiziki şəxs İsgəndərov Niman Şükür oğlu;
Göyçay-Gəncə üzrə fiziki şəxs Nəsirov Əhəd Oruc oğlu oğlu;
Kuzunqışlaq kəndi - Qusar avtovağzalı və Əniq kəndi - Qusar avtovağzalı marşrutları üzrə fiziki şəxs Məhərrəmov Urxan Urfan oğlu;
Bağçakürd kəndi (Goranboy) - Gəncə (avtovağzal) marşrutu üzrə fiziki şəxs Əsgərova Şəfa Məsud qızı qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
