Bakı. Trend:
Patent almaq üçün iddia sənədinin verilmə tarixinin müəyyən edilməsi qaydaları müəyyənləşdiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, iddia sənədinin verilmə tarixi onun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən alındığı tarix üzrə müəyyən ediləcək, bu şərtlə ki, iddia sənədində həmin tarixdə azı aşağıdakıların olduğu müəyyən edilmiş olsun:
- iddia sənədi üzrə patent verilməsi barədə Azərbaycan dilində müraciət;
- iddiaçının şəxsiyyətini müəyyən etməyə və ya onunla əlaqə yaratmağa imkan verən Azərbaycan dilində məlumat;
- zahirən ixtiranın və ya faydalı modelin təsvirinə oxşayan istənilən dildə verilmiş mətn hissəsi, sənaye nümunəsi üçün isə sənaye nümunəsi və onun mühüm əlamətləri barədə kifayət qədər aydın vizual təsəvvür yaradan şəkillər dəsti.
İddia sənədinin alındığı tarixdə o, bu tələblərə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 1 ay ərzində bu barədə iddiaçıya bildiriş verəcək, bildirişi aldığı tarixdən 2 ay ərzində ona bu tələbləri yerinə yetirməyə imkan yaradacaq və iddia sənədinin verilmə tarixi kimi bu tələblərin yerinə yetirildiyi tarixi müəyyən edəcək.
Yuxarıda qeyd olunan müddət bitənədək bu tələblər yerinə yetirilməzsə, iddia sənədi verilməmiş sayılacaq. Bu halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müvafiq səbəblər göstərməklə bu barədə iddiaçını 5 iş günündən gec olmayaraq yazılı şəkildə məlumatlandıracaq.
Yuxarıda nəzərdə tutulan bildiriş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiaçı ilə əlaqə yaratmasına imkan verən məlumatların təqdim edilməməsi səbəbindən göndərilmədiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yuxarıda qeyd olunan bir və ya bir neçə sənədi ilk dəfə aldığı tarixdən 2 ay müddətində yuxarıda nəzərdə tutulan tələblər yerinə yetirilməmişdirsə, iddia sənədi verilməmiş sayılacaq.
İddia sənədinin zahirən təsvirə oxşayan hissəsinin yerinə iddiaçı və ya ondan əvvəl bu hüquqa malik olan şəxs iddia sənədinin verilmə tarixinin müəyyən edilməsi məqsədilə təsvir və ya istənilən çertyojların daha əvvəl verilmiş iddia sənədinə istinadla əvəz edilməsi barədə ərizə təqdim etmək imkanına malikdir. Bu ərizə verildikdə iddiaçı bu cür istinad saxlayan iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) daxil olduğu tarixdən 2 ay ərzində daha əvvəl verilmiş iddia sənədinin təsdiqlənmiş surətini təqdim etməlidir.
Ərizə Azərbaycan dilində tərtib olunmalı və olduğu halda daha əvvəl verilmiş iddia sənədinin nömrəsi, verilmə tarixi və bu iddia sənədinin ilk verildiyi ölkənin adı göstərilməlidir.
Daha əvvəl verilmiş iddia sənədi iddiaçının hüquqi varisi tərəfindən verildiyi halda, ərizəyə onun iddiaçının hüquqi varisi olduğunu təsdiq edən sənəd əlavə ediləcək.
Daha əvvəl verilmiş iddia sənədi Azərbaycan dilində tərtib olunmadığı halda, həmin müddət ərzində onun tərcüməsi də təqdim olunmalıdır.
Buradan yuxarıdakı dörd abzasdakı tələblər yerinə yetirilməmişdirsə, iddia sənədi verilməmiş sayılacaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) səbəbləri göstərməklə iddiaçıya bu barədə 5 iş günündən gec olmayaraq bildiriş göndərəcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iddia sənədinin verilmə tarixini müəyyən edərkən təqdim olunmuş təsvirin hissəsinin və ya iddia sənədində istinad edilən çertyojun olmadığını aşkar etdiyi halda, iddiaçının bildirişi aldığı tarixdən 2 ay müddətində çatışmayan materialların təqdim edilməsinin vacibliyi barədə ona dərhal bildiriş göndərəcək.
Bildirişdə göstərilən materiallar iddiaçı tərəfindən 2 ay müddətində təqdim edildiyi halda onlar iddia sənədinə daxil ediləcək. Bu zaman hansı tarixin daha gec olmasından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsvirin bu hissəsinin və ya bu çertyojun alındığı tarix və ya bütün tələblərin yerinə yetirildiyi tarix iddia sənədinin verilmə tarixi hesab olunacaq.
Əvvəlki iddia sənədi üzrə ilkinlik xahiş edildiyi halda, əvvəlki iddia sənədi çatışmayan hissəni bütövlüklə saxlayırsa, iddiaçının vəsatəti üzrə bütün tələblərin yerinə yetirildiyi tarix iddia sənədinin verilmə tarixi sayılacaq, bu şərtlə ki:
- vəsatət iddiaçı tərəfindən ya iddia sənədi materiallarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verildiyi zaman, ya da iddiaçı bildirişi aldığı tarixdən 2 ay ərzində verilsin;
- Paris konvensiyasına tərəfdar çıxan ölkələrin birində daha əvvəl verilmiş iddia sənədinin təsdiqlənmiş surəti, hansı müddətin daha tez bitməsindən asılı olaraq, ya əvvəlki iddia sənədinin verildiyi tarixdən 16 ay ərzində, yaxud onun surətinin təqdim edilməsinin vacibliyi barədə bildirişi iddiaçı aldığı tarixdən 4 ay ərzində təqdim edilsin;
- başqa dildə tərtib olunduğu halda əvvəlki iddia sənədinin Azərbaycan dilinə tərcüməsi iddiaçı tərcümənin təqdim edilməsinin vacibliyi barədə bildirişi aldığı tarixdən 2 ay ərzində təqdim edilsin;
- vəsatətdə təsvirin çatışmayan hissəsinin və ya çatışmayan çertyojun əvvəlki iddia sənədində və ya onun tərcüməsində harada olması barədə qeyd olsun.
Əvvəlki iddia sənədi və ya daha əvvəl verilmiş iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verildiyi və ya Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İlkin Sənədlərə Rəqəmsal Giriş Xidməti vasitəsilə onun üçün əlçatan olduğu halda, əvvəlki iddia sənədinin və ya daha əvvəl verilmiş iddia sənədinin təsdiqlənmiş surəti iddiaçıdan tələb olunmayacaq.
