Bakı. Trend:
Məzunların məlumatlarının işəgötürənlərin rəqəmsal portalları ilə inteqrasiyası vasitəsilə məlumat mübadiləsini təmin etməliyik.
Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində fondun idarə heyətinin sədri Bəhruz Əzimov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, beləliklə, vakansiya imkanlarını servis üzərindən avtomatik və ixtisaslaşdırılmış şəkildə tələbələrin şəxsi kabinetlərinə və mobil telefonlarına göndərmək mümkün olar:
"Hazırda bu proses manualdır, amma onu avtomatlaşdırmaq və platforma yaratmaq daha effektiv olar".
O həmçinin qeyd edib ki, kreditə müraciət edən və krediti əldə edənlər arasında qadın tələbələrin üstünlük təşkil etməsi açıq şəkildə nəzərə çarpır və tendensiya xanımların orta məktəbdə daha yüksək akademik nəticələr göstərməsi, eləcə də təhsilə daha məsuliyyətli yanaşması ilə əlaqələndirilir:
"Qızların təhsil prosesində daha aktiv olmasının dərindən araşdırılması üçün sosial tədqiqatlara ehtiyac var".
