Bakı. Trend:
Qazaxıstan Nəqliyyat Nazirliyinin Aviasiya Qəzalarının Araşdırılması Komissiyası 25 dekabr 2024-cü il tarixində Aktau şəhəri yaxınlığında baş verən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190 4K-AZ65" təyyarəsinin iştirakı ilə baş verən aviasiya qəzasının ildönümü ilə bağlı Aralıq Müraciət hazırlayıb.
Trend bu barədə nazirliyə istinadən xəbər verir.
Qeyd olunur ki, Aralıq Hesabatın hazırlanması zamanı Komissiya ekipaj, hava hərəkəti dispetçerləri və operatorun qaydaları, uçuşun hazırlanması və icrası ilə bağlı sənədlər, meteoroloji məlumatlar və texniki xidmət materialları daxil olmaqla faktiki məlumatları toplayıb və təhlil edib.
Uçuş qeydlərinin və uçuşla bağlı digər sənədlərin surətləri də əldə edildi. Uçuş qeyd cihazları üzərində iş aparıldı: uçuş parametrləri uçuş məlumatları qeydedicisindən (FDR) çıxarıldı, müəyyən edildi və deşifrə edildi, kokpit səs qeydedicisindən (CVR) isə deşifrə edilib.
Komissiya qəza yerini ətraflı yoxlayaraq təyyarənin konstruksiya komponentlərinin məkan mövqeyini qeydə aldı. Foto və video çəkilişlər aparıldı, təyyarə komponentləri toplanaraq qəza yerindən çıxarılıb.
Aviasiya hadisəsinin araşdırması çərçivəsində aşağıdakı tədqiqatlar aparılıb:
– Aşkar edilmiş xarici metal obyektlər (xarici cisimlər) üzrə kompleks (izotop, ballistik, partlayıcı və yanğın) ekspertiza aparılıb. Ekspertiza nəticəsində partlayıcı maddələrin izlərinə rast gəlinməyib. Üç oksigen balonunda aparılan araşdırmada partlayış izləri müəyyən edilməyib. Təyyarənin zədələnməsi ehtimalı döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib.
– Hidravlik sistemin 2 nömrəli borusunun izotop ekspertizasını həyata keçirilib. Araşdırma nəticəsində boruda zədələnmələr olduğu müəyyən edilib. Zədələnmənin mexanizmi metalın sərt obyektlərlə təmas nəticəsində parçalanmasıdır. Dəliklər metal ərintisindən hazırlanmış (polad əsasında) xarici obyektlər tərəfindən yarana bilər.
– Avionika Modulyar blokundan çıxarılmış Mərkəzi Texniki Baxım Kompüterinin (Central Maintenance Computer) kaseti üzərində tədqiqat aparılıb. Termiki təsir nəticəsində kasetdən məlumatların çıxarılması mümkün olmayıb. Məlumatların çıxarılması üçün “Honeywell International Inc” şirkəti “Delkin Devices Inc” yaddaş kartı istehsalçısına müraciət etməyi tövsiyə edib. Hazırda Komissiya ABŞ nümayəndəsi ilə “Delkin Devices Inc” zavodunda tədqiqat aparılması barədə danışıqlar aparır.
– №1 və №3 Avionika Modulyar blokları çıxarılmış Qlobal Mövqe Sisteminin (GPS1 və GPS2) kasetləri tədqiq olunub. İş tamamlanıb, analiz aparılır.
"Hazırda Araşdırma Komissiyası Mərkəzi Texniki Baxım Kompüterinin (Central Maintenance Computer) kaseti üzrə tədqiqatın tamamlanmasını və münaqişə zonaları üzərində və ya onların yaxınlığında uçuş risklərinin qiymətləndirilməsi işçi qrupu tərəfindən hesabatın hazırlanmasını gözləyir", - məlumatda qeyd olunub.
Hava Qəzalarının Təhqiqi Komissiyasının işində Azərbaycan, Rusiya və Braziliyadan səlahiyyətli nümayəndələr, eləcə də ICAO müşahidəçisi iştirak edir.
Qəzanın araşdırılmasının başa çatdırılması üçün son tarix bütün təyin olunmuş tədqiqatların və işlərin tamamlanmasından asılı olduğu bildirilir.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.
Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sağ qalan ekipaj üzvləri – Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.
