Bakı. Trend:
Bayram bitəndə çox adamda ağırlıq və şişkinlik, eyni zamanda “sabahdan pəhriz saxlayacağam” düşüncəsi olur. Burada ən doğru addım özünü ittiham etmək yox, bədəni tədricən normal ritmə qaytarmaqdır.
Trend xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, sərt pəhrizlər, uzunmüddətli aclıqlar, qəfil idman marafonları heç nəyi düzəltmir, əksinə metabolizmanı daha da stresə salır:
“İlk iki gün sadə və yüngül qidalanma kifayətdir: tərəvəz əsaslı yeməklər, sulu xörəklər, qaynadılmış və ya sobada bişmiş ət, bol su və bir qədər hərəkət. Məqsəd bədəni boşaltmaq deyil, sisteminə qaytarmaqdır. Bayram sonrası səhərlər mütləq yüngül, lifli və zülallı səhər yeməyi etmək lazımdır. Bu həm qan şəkərini stabilləşdirir, həm də gün ərzində yemək istəklərini azaldır. Günorta porsiyasını bir qədər kiçik, axşamı isə daha yüngül seçmək bədəni rahatlaşdıracaq. Ən kritik məqam isə duzun və çörəyin miqdarını azaltmaqdır. Bu, bədəndəki ödemi azaldır, iki-üç günə insan özünü daha yüngül və rahat hiss edir”.
Mütəxəssis-ekspert bildirib ki, bayram sonrası reabilitasiya prosesində su qəbulunu artırmaq xüsusi önəm daşıyır:
“Çox vaxt insanlar şişkinliyi “çox yemişəm” kimi başa düşür, amma əslində səbəb maye defisiti də ola bilər. Gündə 1.5–2 litr su içmək həm həzmi yüngülləşdirir, həm də bədəni bayram süfrəsinin yüklərindən təmizləyir. Yüngül gəzinti və ya 20 dəqiqəlik idman da metabolizmi yenidən oyadır.
Bayram günlərində bir az artıq yemək normaldır. Lakin ardınca düzgün qida ritminə qayıtmaq da, elə bir o qədər asandır. Əgər bunu sistemli formada etsəniz, bədən iki-üç günə artıq öz ritminə düşər”.
