Bakı. Trend:
“Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası” təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərarla həmçinin “Orta ixtisas təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası, “Peşə təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası” və “Ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası” da təsdiq edilib.
Digər bir qərarla “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası” da təsdiq edilib.
Qərara əsasən, bu Qayda təhsilin hər hansı pilləsini və səviyyəsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını tənzimləyir.
Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan arayış verilir.
Arayışda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər.
Bu sənədlərdə göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.
