Bakı. Trend:
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən keçirilən “Azərbaycanın dövlət suverenliyinin gücləndirilməsində Qarabağın dirçəldilməsinin strateji aspektləri” mövzusunda III Ümumrespublika elmi məqalə müsabiqəsinin nəticələri elan olunub.
UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı, “SOCAR POLYMER” MMC-nin dəstəyi ilə keçirilən tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin UNEC-dəki büstünü və şəhidlərin Memorial-Xatirə Kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüblər, əziz xatirələrini ehtiramla yad ediblər.
Tədbirin açılışında çıxış edən UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Rövnəq Rzayev müsabiqənin “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirildiyini və mövzunun Qarabağın dirçəldilməsinə həsr olunmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. O, müsabiqəyə ölkənin müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrindən 200-ə yaxın elmi məqalənin təqdim edildiyini qeyd edib.
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Şəfa Əliyev müsabiqəyə marağın əvvəlki illərlə müqayisədə iki dəfə artdığını bildirərək, gənclərin bu sahədə fəallığını yüksək qiymətləndirib. O, müsabiqədə Qarabağın dirçəldilməsinin strateji əhəmiyyəti, Qarabağ iqtisadi rayonunun inkişafında regional əməkdaşlıq, Şuşada mədəniyyət və turizm iqtisadiyyatının prioritetləri, nəqliyyat layihələrinin iqtisadi təhlükəsizliyə təsiri və Xankəndi şəhərinin iqtisadi inkişaf modellərinin əsas tədqiqat istiqamətləri kimi müəyyənləşdirildiyini diqqətı çatdırıb.
“SOCAR Polymer” MMC-nin maliyyə direktoru Müşfiq Hacıyev qalibləri təbrik edərək, seçilən elmi tədqiqatların Qarabağın dirçəldilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynovanın moderatorluğu ilə keçirilən tədbirin sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Professor-müəllim heyəti, doktorant, magistr və tələbələr üzrə iki nominasiyada ilk üç yeri tutan qaliblərə pul mükafatları təqdim edilib, digər iştirakçılar sertifikatlarla, fərqlənən əməkdaşlar isə “Təşəkkürnamə”lərlə təltif olunub.
