...

“Coca-Cola Azərbaycan”nın dəstəyi ilə daha bir kəndə su çəkilib (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2026 10:57 (UTC +04:00)
“Coca-Cola Azərbaycan”nın dəstəyi ilə daha bir kəndə su çəkilib (FOTO)

Bakı. Trend:

“Coca-Cola İçecek” şirkəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tərəfdaşlığı ilə Şabran rayonunun Sincanboyad kəndi təmiz su ilə təmin olunub.

“EcoHub” ekoloji platforması və Şabran Rayon İcra Hakimiyyətinin də dəstəyi ilə icra olunan layihə nəticəsində 855 sakin təmiz su ilə təmin edilib.

Belə ki, Sincanboyad kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi ilə Şabran rayonunun mövcud su təchizatı sisteminin imkanlarından istifadə etməklə uzunluğu 6 km olan kənddaxili şəbəkə sistemi inşa edilib. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədi ilə hər bir abonent su sayğacları ilə təchiz edilib. Beləliklə, günlük suya olan 165 m3 təlabatı yeni yaradılmış su təchizatı şəbəkəsi ilə tam təmin edilir.

“Coca-Cola” şirkəti özünün 2030-cu ilə qədər nəzərdə tutulan Su Təhlükəsizlik Strategiyasına uyğun olaraq istehsalatda istifadə edilən suyun 100 %-nin təbiətə qaytarılmasına, su ehtiyatlarının mühafizəsinə və bərpasına, yerli icmaların su təminatının yaxşılaşdırılmasına dəstək olur. Şirkət suyu yalnız məhsullarının əsas tərkibi kimi deyil, həm də insanların rifahı və təbiətin davamlılığı üçün əsas resurs kimi görür. Bu, sadəcə korporativ məsuliyyət yox – həyatın özünə töhfədir.

Qeyd edək ki, “Coca-Cola”nın dəstəyi ilə ötən ilin sentyabr ayında Şamaxı rayonunun Mərzəndiyə kəndinə su çəkiliş işləri tamamlanıb, 1300-dən çox sakin təmiz su ilə təmin edilib. Bundan əvvəl isə Abşeron ərazisində “Coca-Cola” Fondunun dəstəyi ilə əkilən ümumilikdə 100 min ağacın suvarılmasında su israfının qarşısını almaq üçün damcı-suvarma sistemi quraşdırılıb. ADA Fondu ilə əməkdaşlıq edərək təhsil ocağının ərazisində ağacların suvarılması üçün yeraltı sulardan təkrar istifadəyə yönələn “Suyu qoru, təbiəti canlandır” layihəsi həyata keçirilir.

Xatırladaq ki, “Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan “Coca-Cola Azərbaycan” eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.

Xəbər lenti

Xəbər lenti