Bakı. Trend:
Uzunmüddətli qrup diet proqramları zamanı dəmir, vitamin B12, fol turşusu, D vitamini, kalsium, maqnezium və sink çatışmazlığı riski artır.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssi-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə bu mikroelementlər yalnız metabolik proseslər üçün deyil, eyni zamanda immun sisteminшт normal fəaliyyəti üçün də həyati əhəmiyyət daşıyır:
“Zülal çatışmazlığı isə anticisimlərin sintezini və immun
hüceyrələrin yenilənməsini zəiflədir. Elmi tədqiqatlar göstərir ki,
uzun müddət davam edən aşağı kalorili və balanssız dietlər immun
sistemin funksional qabiliyyətini azaldır. Enerji defisiti fonunda
T-limfositlərin aktivliyi azalır, infeksiyalara qarşı müqavimət
zəifləyir və sağalma müddəti uzanır. Bu vəziyyət xüsusilə stress
altında olan, intensiv işləyən və ya xroniki xəstəliyi olan
insanlarda daha qabarıq şəkildə özünü göstərir”.
Mütəxəssis-ekspert qeyd edib ki, qrup diet proqramlarının digər
mühüm mənfi cəhəti hormonal balansın pozulmasıdır:
“Çox aşağı kalorili qidalanma kortizol səviyyəsinin artmasına, qalxanabənzər vəz hormonlarının azalmasına və reproduktiv sistemdə disfunksiyalara səbəb ola bilər. Qadınlarda menstrual siklin pozulması, kişilərdə isə testosteron səviyyəsinin azalması halları müşahidə oluna bilər. Bu hormonal dəyişikliklər həm immun sistemə, həm də ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərir. Psixoloji aspekt də nəzərdən qaçırılmamalıdır. Qrup diet proqramlarında uğursuzluq hissi, müqayisə və təzyiq bəzi insanlarda stressi artırır, qida ilə qeyri-sağlam münasibət formalaşdırır və yemək pozuntularına zəmin yaradır. Psixoloji stress isə immun sistemin zəifləməsi ilə birbaşa əlaqəlidir”.
E.Məmmədov bildirib ki, nəticə etibarilə, qrup diet proqramları qısa müddətdə motivasiya və intizam yarada bilsə də, uzunmüddətli perspektivdə fərdi xüsusiyyətlər nəzərə alınmadıqda sağlamlıq problemlərinə və immun sistemin zəifləməsinə səbəb ola bilər:
“Elmi yanaşmaya əsasən, diet proqramları fərdi tibbi qiymətləndirmə əsasında, həkim və ya klinik dietoloq nəzarəti altında planlaşdırılmalıdır. Sağlam qidalanmanın əsas prinsipi balanslı, müxtəlif və fərdiləşdirilmiş yanaşmadır”.
