...

Tədqiqatçı elmi dərəcə və adları alıb bitirəndə artıq təqaüd yaşına çatır – Deputat

Cəmiyyət Materials 22 Yanvar 2026 09:58 (UTC +04:00)
Tədqiqatçı elmi dərəcə və adları alıb bitirəndə artıq təqaüd yaşına çatır – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

30 ildən çoxdur ki, Avropa təhsil sistemini qəbul etmişik, bakalavr və magistr təhsil pillələrini tətbiq etmişik. Amma bununla yanaşı, sovet təhsil sisteminin qalığı olan iki pilləli müdafiə sistemini də saxlamışıq.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında deyib.

“Bu 30 ildən artıq bir müddətdə bir dənə magistr dissertasiyası ortada yoxdur ki, kitab kimi çap olunsun, o kitaba və ya dissertasiyaya hansısa istinad olunsun. Magistrın yazdığı dissertasiya elmə hansısa bir töhfə vermirsə, o zaman sual olunur, bu dissertasiya nə üçün yazılır?”, - deyə o sual ünvanlayıb.

Millət vəkili bildirib ki, hazırda əsas etibarilə vaxt itkisini xatırladan magistratura mərhələsini hazırkı fəlsəfə doktoru hazırlığı üzrə doktoratura səviyyəsində gücləndirməyi, hazırkı fəlsəfə doktoru hazırlığı üzrə doktoranturanı da elmlər doktoru hazırlığı üzrə doktorantura səviyyəsində gücləndirməyi və beləliklə ikimərhələli doktoranturanı birmərhələli doktorantura ilə əvəz etməyi və bununla da elm və təhsil sistemimizi beynəlxalq təcrübəyə uyğunlaşdırmağı təklif edir.

Deputat xatırladıb ki, elmi dərəcələrin və elmi adların verilməsi də hazırda ümumilikdə 4 mərhələdən ibarətdir:

“Bu mərhələlərin hər biri tədqiqatçının azı 4-5 və ya 6-7, bəzi hallarda 8-10 ilini alır. Tədqiqatçı bu mərhələləri bitirəndə artıq təqaüd yaşına çatır. Dünyada qəbul olunan norma bundan ibarətdir ki, tədqiqatçı ən geci 40-45 yaşına kimi bütün elmi mərhələləri keçib bir alim kimi tam formalaşmalı və bundan sonrakı dövrdə professor kimi elmə və təhsilə xidmət etməli, kadr hazırlığı ilə məşğul olmalı və s. Bizdə isə, elm yolunda olan mərhələlər həm çoxdur, həm də bürokratik proses çox ağırdır. Bəzən bu prosesə insan ömrü belə bəs eləmir.

Elmi irəliləyişin bu mərhələləri adlamaqla deyil, alimin fəaliyyət göstəriciləri əsasında qiymətləndirilməsi daha uyğun olardı, çünki müasir beynəlxalq elmi mühitdə akademik nüfuz formal tituldan daha çox real elmi nəticələrlə ölçülür”.

V.Qafarovun fikrincə, hazırkı sistemin mərhələli, uzunmüddətli, bürokratik və səmərəsiz olması gənc tədqiqatçıların akademik karyera qurmasına mane olur və elmin inkişaf tempini zəiflədir.

“Daha müasir yanaşma kimi beynəlxalq standartlara uyğun vahid doktorluq müdafiə mexanizminin tətbiqi, müdafiə prosesində xarici ekspertlərin iştirakının təmin edilməsi və elmi fəaliyyətin qiymətləndirilməsində əsas meyar kimi nəşrlər, sitat indeksləri və tədqiqat layihələrinin nəticələrinin götürülməsini təklif edirəm.

Bununla paralel olaraq, hesab edirəm ki, elm və ali təhsil müəssisələrində akademik azadlıqların gücləndirilməsi, genclərin elmə gəlişinin təşviq edilməsi üçün stimullaşdırıcı addımların atılması, universitetlərdə müasir çağırışlara cavab verən yeni tədris proqramlarının formalaşdırılması, elmi dərəcələrin verilməsi və kadr siyasəti sahəsində təhsil sisteminin çevikliyini və keyfiyyətini artıracaq addımların atılması vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti