Bakı. Trend:
Əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı İKT sistemində sübut əhəmiyyətinə malik ola biləcək məlumatların olmasını güman etməyə əsas verdikdə həmin sistemdə axtarış aparıla və götürülə biləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlanıldığı daşıyıcıların və ya elektron verilənlərin gizlədilməsini və ya məhv edilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan apara biləcək.
Əldə olunan sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı İKT sistemində, onun hissələrində, elektron verilənlərin saxlanıldığı daşıyıcılarda və ya verilənlərdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatların olmasını güman etməyə kifayət qədər əsas verdikdə, həmin sistemdə, onun hissələrində, elektron verilənlərin saxlanıldığı daşıyıcılarda və elektron verilənlərdə axtarış aparıla və İKT sistemi, onun hissələri, elektron verilənlərin saxlanıldığı daşıyıcılar və ya elektron verilənlər götürülə biləcək. Bu hallarda axtarış və ya götürmənin aparılmasında mütəxəssisin iştirakı təmin ediləcək.
Yuxarıdakı abzasda tutulan hallarda axtarış aparılarkən müstəntiq aşağıdakı tədbirləri görmək hüququna malik olacaq:
- İKT sisteminə, onun hissələrinə, elektron verilənlərin saxlanıldığı daşıyıcılara və ya elektron verilənlərə daxil olmaq;
- axtarılan məlumatların axtarış aparılan yerdən kənarda yerləşən və ilkin axtarış aparılan İKT sistemi vasitəsilə qanuni daxil olmanın mümkün olduğu digər İKT sistemində mövcudluğuna dair kifayət qədər əsaslar olduqda davam edən axtarışı təxirəsalınmadan genişləndirərək həmin İKT sisteminə daxil olmaq;
- daxil olduğu İKT sistemində mövcud olan elektron verilənlərə girişi qadağan etmək və ya aşkar zərurət olduğu halda, həmin elektron verilənləri İKT sistemindən silməklə götürmək;
- iş üçün əhəmiyyət kəsb edən elektron verilənlərin surətini çıxarmaqla götürmək və saxlamaq;
- iş üçün əhəmiyyət kəsb edən elektron verilənlər aşkar olunduqda və ya bu halların mövcudluğunu yerində müəyyən etmək qeyri-mümkün olduqda İKT sistemini, onların hissələrini və ya elektron verilənlərin saxlanıldığı daşıyıcıları götürmək;
- İKT sisteminin fəaliyyət göstərməsi və ya orada saxlanılan məlumatların mühafizəsi üçün həyata keçirilən tədbirlər haqqında məlumatlara malik olan şəxslərdən yuxarıda nəzərdə tutulmuş tədbirləri həyata keçirməyə imkan verən zəruri məlumatların verilməsini tələb etmək.
İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlandığı daşıyıcıların götürülməsi nəzərdən keçirildikdə, ilk növbədə onlar götürülmədən elektron verilənlərin mümkünlüyü götürülməsi qiymətləndiriləcək. Elektron verilənlərin götürülməsi zamanı onların zədələnməsi və ya təhrif olunmasını güman etməyə kifayət qədər əsaslar olduqda, yaxud İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlandığı daşıyıcıların götürülməməsi cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane ola biləcəyi hallarda axtarış aparılan ərazidə qanuni fəaliyyətin davamlılığının təmin edilməsi üçün mümkün tədbirlər görülməklə İKT sistemi, onun hissələri, elektron verilənlərin saxlanıldığı daşıyıcılar götürüləcək.
Zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan götürülmüş İKT sistemini, onun hissələrini, elektron verilənlərin saxlanıldığı daşıyıcıları və ya elektron verilənləri dərhal qanuni sahibinə qaytarmalıdır.
Elektron verilənlər götürüldükdə onların tamlığı və təhlükəsiz saxlanılması təmin edilməlidir. Daşıyıcıya köçürüldüyü zaman elektron verilənlərin zədələnməsi və ya təhrif olunmasını güman etməyə kifayət qədər əsaslar olduqda və ya cinayət işinin istintaqına mane ola bilən hallarda zəruri prosessual hərəkətlər yerinə yetirilənədək elektron verilənlərin köçürülməsinə yol verilməyəcək.
Yuxarıda nəzərdə tutulmuş hallarda işə aid olan əldə edilmiş məlumatlar müstəntiq tərəfindən axtarış və ya götürmə protokolunda ətraflı göstəriləcək.
Məlumat üçün bildirək ki, qanun layihəsində cinayət-prosessual qanunvericiliyə aşağıdakı yeni anlayışların əlavə olunması təklif edilir:
- informasiya və kommunikasiya texnologiyaları sistemi – proqram təminatı əsasında elektron verilənləri toplayan, saxlayan və avtomatik emal edən hər hansı qurğu və ya qarşılıqlı qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupudur;
- elektron verilənlər – faktların, məlumatların və ya anlayışların İKT sistemində emal üçün yararlı formada olan hər hansı təsviri, o cümlədən İKT sisteminin müəyyən funksiya yerinə yetirməsini təmin edən proqramdır;
- xidmət provayderi – göstərdiyi xidmətlərin istifadəçilərini İKT sistemi vasitəsilə kommunikasiya imkanı ilə təmin edən, yaxud belə kommunikasiya xidmətləri və ya xidmət istifadəçiləri üçün elektron verilənlərin emalını və ya saxlanılmasını həyata keçirən istənilən dövlət orqanı (qurumu), hüquqi və ya fiziki şəxsdir;
- trafik verilənləri – kommunikasiyanın mənbəyini, təyinat yerini, marşrutunu, vaxtını, tarixini, ölçüsünü, müddətini və ya xidmətin növünü göstərən, kommunikasiya zəncirinin tərkib hissəsini təşkil edən İKT sistemi tərəfindən yaradılan, İKT sistemi vasitəsilə həyata keçirilən kommunikasiya ilə əlaqəli olan hər hansı elektron veriləndir;
- abunəçi məlumatları – trafik və ya məzmun verilənləri istisna olmaqla, istifadə edilən kommunikasiya xidmətinin növü, bu xidmətə dair texniki təminat tədbirləri və xidmətin göstərilmə müddəti, xidmət müqaviləsi və ya razılaşması əsasında əldə edilən abunəçinin şəxsiyyəti, poçt və ya coğrafi ünvanı, telefon və digər əlaqə nömrəsi, hesablaşma və ya ödəniş məlumatları, kommunikasiya avadanlıqlarının quraşdırıldığı yerlər haqqında hər hansı məlumatları müəyyən etməyə imkan verən xidmət provayderinin göstərdiyi xidmətlərin istifadəçiləri barədə xidmət provayderində saxlanılan istənilən məlumatlardır;
- məzmun verilənləri – abunəçi məlumatları və ya trafik verilənləri istisna olmaqla, şəkillər, mətn mesajları, səsli mesajlar, audioyazılar və videoyazılar da daxil olmaqla İKT sistemi vasitəsilə ötürülən məlumatın mahiyyəti ilə əlaqəli hər hansı elektron verilənlərdir.
