...

Deputat Milli Məclisdə məktəbdəki insidentdən danışdı

Cəmiyyət Materials 10 Fevral 2026 12:39 (UTC +04:00)
Deputat Milli Məclisdə məktəbdəki insidentdən danışdı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Çıxışımda son günlər Bakıda məktəblərdən birində baş verən xoşagəlməz hadisəyə toxunmaq istəyirəm. Bu gün xüsusilə ağıllı telefonlar, sosial media, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri gündən-günə daha da artmaqdadır. Artıq dünyanın bir sıra ölkələrində həyəcan təbili çalınmaqdadır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, uşaq və yeniyetmələrin bu zərərli təsirlərdən qorunması məqsədilə tənzimləyici mexanizmlər barədə ciddi düşünməyə ehtiyac var:

“Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxmaq imkanı var. Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var”.

Deputat xatırladıb ki, artıq dünyanın bir sıra ölkələrində 16 yaşadək uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qərarlar qəbul edilir. Bir sıra Avropa ölkələri, o cümlədən İtaliya və İspaniyada artıq qərar və qanunların qəbul olunmasına başlanılıb.

“Artıq ölkəmizdə də bu istiqamətdə işlərə başlanılmasına ehtiyac var. Əks halda bu cür halların sayı daha da artacaq, proseslərin qarşısını almaq daha da çətinləşəcək. Heç şübhəsiz ki, bu məsələdə həm məktəblərimizin, həm də ailələrimizin üzərinə böyük məsuliyyət düşür. Ailələrimiz övladlarına daha çox vaxt ayırmalı, tərbiyə işinə daha çox diqqət yetirməli, onlarla daha çox ünsiyyətdə olmalıdırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti