...

Ramil Səfərovun ikinci ittihamı üzrə məhkəmə iclası sentyabrın əvvəllərində davam etdiriləcək

Cəmiyyət Materials 4 May 2006 13:29 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Budapeşt şəhər Məhkəməsinin hökmü ilə ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovun digər ittihamı üzrə növbəti məhkəmə iclası sentyabr ayının 1-nə və 5-nə təyin edilib. Bu barədə Trend ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, bu dəfə R.Səfərov erməni zabiti Qurngen Markaryanın qətli ilə bağlı ibtidai istintaq dövründə saxlanıldığı Budapeşt həbsxanasının nəzarətçilərinə müqavimət göstərməkdə təqsirləndirilir. Səfirlikdən bildirilib ki, mayın 3-də öz işinə başlamış məhkəmə iclasında şahid qismində həbsxana mühafizəçiləri dindirilib. Sentyabr ayının əvvəlində məhkəmə iclası digər şahidlərin dindirilməsi ilə davam edəcək.

Məhkəmə iclasına hakim Tot Byendver sədrlik edir. R.Səfərovun hüquqlarını isə dövlət hesabına tutulmuş vəkil Klara Fişer müdafiə edir.

İttihama görə, 19 iyun 2004-cü il tarixdə həbsxana nəzarətçiləri Ramil Səfərovun kamerasına gələrək ondan telefon kartını tələb ediblər. R.Səfərov tələbi yerinə yetirməyib və nəticədə nəzarətçilər R.Səfərovun əllərini bağlamaq istəyərkən sonuncu onlara müqavimət göstərib.

Lakin R.Səfərov hələ ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, nəzarətçilər ondan kartı macar dilində tələb ediblər. O isə həmin dili bilmədiyinə görə tələbə əməl etməyib. Bundan sonra 8 nəzarətçi onun əl-qolunu bağlayaraq fiziki zor tətbiq ediblər. Əvvəlcə Ramil Səfərov nəzarətçilərin hərəkətindən şikayət edib. Daha sonra qarşı tərəf də şikayət verib. Ramil Səfərovun şikayəti ilə bağlı cinayət işinə beş dəfə xitam verilsə də, qarşı tərəfin şikayəti dərhal icraata götürülüb.

Qeyd edək ki, Ramil Səfərov Q.Markaryanı qətlə yetirdiyinə görə aprelin 13-də ömürlük həbsə məhkum edilib.

Xəbər lenti

Xəbər lenti