Məşhur ABŞ politoloqu Zbiqnev Bjezinskinin "Yeni fikir"çilərlə hər hansı əlaqəsi sübuta yetirlməyib. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin R.Bəşirli ilə bağlı cinayət işininin ibtidai istintaqını aparmış müstəntiqi Əli Quliyev məlumat verib.
Ə.Quliyev bildirib ki, "Yeni fikir" Gənclər Hərəkatının hazırda məhkəmə qarşısında dayanan sədri Ruslan Bəşirli və onun müavinləri Ramin Tağıyevlə Səid Nuriyevin məhkəmədə guya məşhur ABŞ politoloqu Zbiqnev Bjezinski ilə görüşmələrinə dair verdikləri açıqlamalar həqiqətə uyğun deyil.
"Həmin açıqlamalarında təqsirləndirilən şəxslər guya Varşavada ABŞ politoloqu ilə görüşdüklərini və dövlət çevrilişi ilə bağlı politoloq tərəfindən təlimatlandırıldıqlarını bildiriblər. Lakin ibtidai istintaq zamanı bu məsələ sübuta yetirlməyib. Hətta ittiham aktında da Zbiqnev Bjezinskinin adı yoxdur" - deyə Ə.Quliyev söyləyib.
Müstəntiq bildirib ki, təqsirləndirilən şəxslər məşhur politoloqun adını hallandırmaqla ictimaiyyətin diqqətini cinayətkar əməllərindən yayındırmaq, məhkəmə prosesindən siyasi məqsədlər üçün istifadə etmək və dividend qazanmaq məqsədi güdürlər.