...

M.Mərdanov: "Təhsil sistemində çalışan insanlar üçün müəyyən yaş məhdudiyyəti olmalıdır"

Cəmiyyət Materials 26 Avqust 2006 14:13 (UTC +04:00)

"Özəl ali təhsil müəssisələrinin əksəriyyəti təhsil vermək üçün deyil, başqa məqsədlər üçün yaradılıb". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.

O qeyd edib ki, belə halların qarşısının alınması üçün Təhsil Nazirliyi ciddi addımlar atıb, bunun nəticələri cəmiyyətdə də, nazirlikdə də ciddi şəkildə müzakirə olunur. Nazir bu tədbirlərə nümunə kimi, Koperasiya İnstitutuna bu il qəbul keçirilmədiyini qeyd edib. Onun sözlərinə görə, həmin instituta gələcəkdə də qəbul keçirilməyəcək. Nazir vurğulayıb ki, bunun səbəbi yalnız orada təhsilin keyfiyyəti ilə bağlıdır.

M.Mərdanov onu da deyib ki, Azərbaycanda qanunsuz fəaliyyət göstərmiş ali məktəb filiallarının işi məhkəmədədir. Hələ ki, onlarla bağlı məhkəmə qərarı yoxdur. Nazirin sözlərinə görə, filiallarla bağlı məhkəmə prosesi sentyabrın 15-dək başa çatmalıdır.

M.Mərdanov orta məktəblərdəki bəzi problemlərə toxunarkən deyib ki, hazırda Azərbaycan məktəblərində 160 mindən çox müəllim çalışır, onların 25 faizi isə yaşlı adamlardır. Nazir hesab edir ki, yaşlı kadrlar orta məktəblərdə pedaqoji fəaliyyət göstərməməlidirlər: "Mənim öz şəxsi qənaətimcə, təhsildə çalışan insanlar üçün müəyyən bir yaş məhdudiyyəti olmalıdır. 65 yaşdan yuxarı müəllim kadrlar ən azı dövlət təhsil müəssisələrində çalışmamalıdır". Nazir əlavə edib ki, ölkədə 4552 orta məktəb var, onlardan təxminən 1000-də şagirdlərin sayı 100-dən aşağıdır. Hətta elə məktəb var ki, orada cəmi 15-20 şagird təhsil alır. M.Mərdanov belə halları təhsil sistemində mənfi hal kimi dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti