Azərbaycanın qadınlardan ibarət qılıncoynatma yığması "A" kateqoriyalı beynəlxalq turnirdə iştirak etmək üçün Odessaya yola düşüb.
Milli Federasiyanın vitse-prezidenti Yaşar Məmmədovun Trend ə verdiyi məlumata görə, kollektivin tərkibinə iri yarışlarda təzəcə çıxış təcrübəsi toplayan Səbina Əmrahzadə, Sevil Bünyadova və Aidə Ələsgərova daxildir. "Ukraynada keçiriləcək yarış artıq Avropa çempionatında və Dünya Kubokunun bir sıra mərhələlərində öz sözünü deməyi bacarmış qılıncoynadanların potensialının növbəti yoxlanması olmalıdır. Buna görə də onların Odessa turnirində nə dərəcədə uğurla çıxış edəcəyi maraqlıdır", - deyə Y.Məmmədov nəzərə çatdırıb.
Qeyd etmək lazımdır ki, "Neftçi" İdman-Sağlamlıq mərkəzini təmsil edən idmançılarımız məşqçi Fikrət Vəliyevin rəhbərliyi altında çıxış edəcək.