...

QMİ sədri Küveytin rəsmi şəxslərini Azərbaycana səfərə dəvət edib

Cəmiyyət Materials 18 Aprel 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Küveytə hazırkı səfəri zamanı sivilizasiyalarası dialoq, Azərbaycanla Küveyt arasında əməkdaşlıq perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib. Bu barədə çərşənbə günü telefonla Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev bildirib.

Səfir bildirib ki, səfər zamanı Qafqaz müsəlmanlarının dini lideri Küveytin dini işlər və ədliyyə naziri Abdulla Matuh, Küveyt əmirinin dəftərxana naziri Şeyx Nəsir əl-Əhməd əl-Sabah və ölkənin baş naziri Şeyx Məhəmməd əl-Sabahla görüşüb. "Görüşlərdə tərəflər iki ölkə və xalq arasında yüksək səviyyəli əlaqələrdən danışaraq bu əlaqələrin daha da möhkəmləndirilməsi istəyini bildiriblər",-deyə səfir məlumat verib.

Küveytin dini işlər və ədliyyə naziri və Küveyt əmirinin dəftərxana nazirilə görüşündə QMİ sədri onları Azərbaycana səfərə dəvət edib. Baş nazir ilə görüşdə isə Şeyxülislam Azərbaycanın baş naziri Artur Rəsizadə tərəfindən Azərbaycana səfərə dəvət edildiyini nəzərə çatdırıb.

Dəvətlər qəbul olunub.

QMİ sədri aprelin 18-dən etibarən Küveytdədir. Səfər zamanı onu Ümumgürcüstan katalikos-patriarxı II İlya, Xəzəryanı və Bakı yeparxiyasının yepiskopu Aleksandr ata müşayiət edirlər. Azərbaycan diplomatik nümayəndəliyinin rəhbəri bildirib ki, səfərin məqsədi Küveyt və Bəhreynin ali dini rəhbərliyi ilə qloballaşmanın milli dəyərlərə təsirinin neytrallaşdırılması məsələlərini müzakirə etməkdir.

Xəbər lenti

Xəbər lenti