...

İnfoTur layihəsi çərçivəsində bir qrup Almaniya turizm şirkətinin nümayəndələri qərb bölgəsində olub

Cəmiyyət Materials 24 Aprel 2007 19:21 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın Almaniyadakı səfirliyi ilə birgə həyata keçirdiyi İnfoTur layihəsi çərçivəsində bir qrup Almaniya turizm şirkətinin nümayəndələri və jurnalistlər Gəncə və Xanlara səfər ediblər.

Gəncədə Nizami Gəncəvinin məqbərəsi, Şah Abbas məscidi, Çökək hamam və digər mədəni-tarixi abidələrlə tanış olan turistlər, daha sonra Xanlara yollanıblar. Burada onlar bir vaxtlar Xanlarda məskunlaşan almanların yaşayış tərzləri ilə maraqlanıblar. Azərbaycanın bir sıra bölgələrinə səfər edən almaniyalı qonaqlar buradakı yerli turizm şirkətləri ilə tanış olub, gələcəkdə onlarla əməkdaşlıq etmək məqsədilə əlaqələr qurublar.

"Məqsədimiz Azərbaycanda turizmin inkişafına yardımçı olmaqdır. Biz Bakıda turizm sərgisində iştirak etmişik. Daha sonra Azərbaycanın bölgələrinə səfərə yollanmışıq. Artıq Qubada, Şəkidə, Qəbələdə olaraq, yerli turizm şirkətləri ilə görüşüb, əlaqələr yaratmışıq"-deyən Almaniyanın turizm şirkətlərindən birinin nümayəndəsi Robert Pudvill Avropa turistlərini cəlb etmək üçün bir çox bölgələrdə, həmçinin Gəncədə hələ çox işlərin görülməli olduğunu bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin Daxili Turizmin İnkişafı sektorunun müdiri Mahir Qəhrəmanov qərb bölgəsinin alman turistlərini xüsusilə cəlb etdiyini bildirib. Nazirliyin nümayəndəsi bu cür turların keçirilməsində əsas məqsədin Azərbaycanın turizm potensiallarının təbliği olduğunu və gələcəkdə belə layihələrə digər ölkələrin turizm şirkətlərinin də cəlb ediləcəyinı deyib.

Qeyd edək ki, turda iştirak edən almaniyalı qonaqlar Azərbayanda ekoloji, etnoqrafik və mədəni turizm sahələri ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti