...

Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı Xarici İşlər Nazirliyində qapalı iclas keçirilib

Cəmiyyət Materials 29 May 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımının təmin olunmasını müzakirə etmək üçün bu gün Xarici İşlər Nazirliyində qapalı iclas keçirilib. İclasda XİN rəsmiləri, Ədliyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin nümayəndələri, Milli Televiziya və Radio Şurası, AzTV-nin təmsilçiləri iştirak edib.

İclasda iştirak edən MTRŞ üzvü Qafar Cəbiyev çərşənbə axşamı Trend ə bildirib ki, qapalı iclasda Azərbaycan və Rusiya ərazilərində telekanalların qarşılıqlı yayımının təmini ilə bağlı İşçi Qrup səviyyəsində yaxın günlərdə keçiriləcək ilk toplantıda müzakirə olunacaq məsələlərin konturları təhlil edilib. Cəbiyev bildirib ki, Rusiya təklifində kanallarının Azərbaycanda yayımını israr edir.

"Azərbaycan tərəfi isə ölkədə fəaliyyət göstərən telekanallardan birinin Rusiya ərazisində yayımını ilkin şərt kimi müzakirəyə çıxaracaq" - deyə Cəbiyev əlavə edib. Onun sözlərinə görə, bu gün keçirilən görüşdə Azərbaycan kanalının Rusiyanın hansı ərazidə yayımı məsələsi də müzakirə edilib.

Cəbiyev bildirib ki, MTRŞ xarici telekanalların Azərbaycanın milli tezliklərində yayımının tədricən aradan qaldırılmasının tərəfdarı olduğunu müzakirə zamanı bir daha bəyan edib.

MTRŞ-nın qərarı ilə iyulun10-da Rusiya telekanallarının Azərbaycanda yayımı dayandırılacaq. Rusiya tərəfi isə bu qərarın əleyhinədir. Bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu günlərdə Azərbaycana rəsmi səfəri zamanı da müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti