Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Macarıstan və Azərbaycan Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında saziş razılaşdırılıb. Bu haqda Trend ə eksklüziv müsahibəsində məlumat verən Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov bildirib ki, sənədin iyunun 6-8-də Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun Macarıstana səfəri zamanı imzalanması nəzərdə tutulmuşdu. Lakin bir müddət öncə Macarıstanın ədliyyə nazirinin vəzifəsindən kənarlaşdırılması ilə əlaqədar olaraq nazirin səfəri qeyri-müəyyən vaxtadək təxirə salınıb. Hazırda azərbaycanın Macarıstandakı səfirliyi bu səfərin vaxtının müəyyənləşdirilməsi istiqamətində müvafiq işlər həyata keçirir. Əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin məhkəmə, ədliyyə orqanları arasında təcrübə mübadiləsi, qanunvericilik layihələrinin mübadiləsi və s. məsələlər əhatə olunacaq.
Qafarov bildirib ki, bu il Azərbaycan Ədliyyə Nazirliyi Əlcəzair və Mərakeşin müvafiq qurumları ilə hüquqi yardım və əməkdaşlıq haqqında saziş və müqavilələr imzalanması nəzərdə tutulur. Əlcəzairlə imzalanacaq sənədlər tam hazırdır. Mərakeşlə isə bu istiqamətdə danışıqlar davam etdirilir. Sənədlərin yekun variantı mərakeşli ekspertlərin bu yaxınlarda Bakıya səfəri zamanı tam razılaşdırılacaq. Hər iki ölkə ilə "Cinayət işləri üzrə Hüquqi yardım haqqında", "Mülki işlər üzrə hüquqi yardım haqqında", "Ekstradisiya haqqında" müqavilələr, "Ədliyyə nazirlikləri arasında hüquqi əməkdaşlıq haqqında" sazişin imzalanması nəzərdə tutulur. Qafarov bildirib ki, bu ilin may ayında Ədliyyə Nazirliyi ilə Bolqarıstanın Ədliyyə Nazirliyi arasında "Əməkdaşlıq haqqında saziş" imzalanıb. Sənəddə hüquq sahəsində məlumat mübadiləsi, ədliyyə və məhkəmə orqanlarının təşkili və fəaliyyəti barədə təcrübənin öyrənilməsi, hakimlərin, prokurorların, ədliyyə işçilərinin tədrisi üzrə qarşılıqlı fəaliyyət, beynəlxalq standartlara uyğun qanun layihələrinin işlənib hazırlanması və s. sahələrdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Ədliyyə Nazirliyi əksər MDB dövlətləri, eləcə də Türkiyə və İranla "Məhkumların verilməsi haqqında" müqavilə imzalayıb. Həmçinin Azərbaycan məhkumların cəza çəkməsi üçün öz ölkələrinə verilməsi ilə bağlı MDB çərçivəsində qəbul edilmiş 1998-ci il Moskva Konvensiyasına və "Məhkumların verilməsi haqqında" 1983-cü il Avropa Konvensiyasına qoşulub.