...

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri: "Azərbaycanda dövlət qulluğunun strategiyası hazırlanır"

Cəmiyyət Materials 10 İyul 2007 12:25 (UTC +04:00)
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri: "Azərbaycanda dövlət qulluğunun strategiyası hazırlanır"

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Dövlət qulluğu qanunvericiliyinin təkmilləşdirilməsinə dair Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bir sıra təkliflər hazırlayır. Bu barədə çərşənbə axşamı Trend ə Komissiyanın sədri Bəhram Xəlilov məlumat verib.

Xəlilov bildirib ki, təkliflərdə bir sıra vacib məqamlar əksini tapacaq. Komissiya sədrinin sözlərinə görə, dövlət qulluğuna qəbulla bağlı qaydalara dəyişiklik və əlavələr edilməsi nəzərdə tutulur. Bura ixtisas dərəcələrinin verilməsi də aiddir. Bununla bağlı Komissiyada yaradılmış İşçi qrup bir ay müddətinə işini yekunlaşdıracaq və həmin təkliflər paket şəklində Prezidentin İcra Aparatına təqdim olunacaq.

Dövlət qulluğunun strategiyasının hazırlandığını deyən Xəlilov bu məqsədlə Komissiyanın nəzdində İşçi qrupun da fəaliyyət göstərdiyini bildirib: "İşçi qrup səmərəli idarəçilik sahəsində startegiyanın işlənməsi, hökumətə inamın artması sahəsində təkliflər hazırlayacaq. Strategiyanın hazırlanması uzun çəkəcək. Ancaq bizim təkliflərimiz yaxın iki aya hazır olacaq. İşçi qrupun hazırladığı təkliflər bütün dövlət və qeyri-dövlət orqanları, o cümlədən vətəndaş cəmiyyətinin nümayəndələri ilə birlikdə müzakirə olunacaq".

Komissiya sədri dövlət qulluqçularının reyestrinin aparılması sahəsində işin hazırda proqram təminatı ilə yekunlaşdırılmaq üzrə olduğunu və ilin sonuna qədər reystrin əksər hissəsinin formalaşdırılacağını da qeyd edib.

Xəlilov dövlət qulluqçularının xidməti fəaliyyətinin qaydalarının və qiymətləndirmə formalarının hazırlandığını və aidiyyatı dövlət orqanlarına təqdim edildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti