...

Cüdoçularımız London Yay Olimpiya Oyunlarına qələbə əzmi ilə yollanır (FOTO)

İdman Materials 9 İyul 2012 18:33 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov London Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək cüdoçuları və onların məşqçilərini qəbul edib.
Cüdoçularımız London Yay Olimpiya Oyunlarına qələbə əzmi ilə yollanır (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov London Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək cüdoçuları və onların məşqçilərini qəbul edib.

Federasiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün sahələrdə olduğu kimi, idman sahəsində də yüksəliş dövrü yaşadığını qeyd edən nazir bir-birinin ardınca beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edən Azərbaycanda idmanın inkişafı üçün müasir infrastruktur, o cümlədən müxtəlif bölgələrdə yeni olimpiya-idman kompleksləri yaradıldığını, cari ilin əvvəlinə ölkədə idman qurğularının sayının təxminən 10 minə çatdığını, ölkə rəhbərinin idmana qayğısının daha bir nümunəsi kimi, yaxın vaxtlarda Bakıda Cüdo İdman Kompleksinin də inşasına başlanacağını bildirib.

Qeyd olunub ki, Azərbaycan idmançıları, o cümlədən cüdoçularımız beynəlxalq turnirlərdə, Olimpiya Oyunlarında ölkəmizi şərəflə təmsil edərək xalqımıza bir-birinin ardınca qələbə sevinci bəxş ediblər. Təkcə son beş ildə rəsmi beynəlxalq yarışlarda ölkəmiz 1116 qızıl, 829 gümüş, 1056 bürünc medal qazanıb. Yalnız 2011-ci il ərzində idmançılarımız 270 qızıl, ümumilikdə isə 705 medala sahib olublar.

Hər bir Azərbaycan idmançısı üçün onu qələbəyə doğru aparan ən mühüm stimul Prezident İlham Əliyevin davamlı dəstəyi, qayğısı və etimadıdır. Əminik ki, əvvəllərdə olduğu kimi, bu dəfə də Azərbaycan idmançıları, o cümlədən cüdoçularımız bu böyük qayğını, etimadı yüksək səviyyədə doğruldaraq, ölkəmizin idman salnaməsini yeni Olimpiya qələbələri ilə daha da zənginləşdirəcəklər.

Ürək sözlərini ifadə edən cüdoçular mübarizə əmkarlıqlarını, milli cüdonun qələbələr estafetini London Yay Olimpiya Oyunlarında da uğurla davam etdirəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək. Onlardan 8 nəfəri - İlqar Muşkiyev, Tərlan Kərimov, Rüstəm Orucov, Elnur Məmmədli, Elxan Məmmədov, Elmar Qasımov, Kifayət Qasımova və Ramilə Yusubova cüdo idman növündə mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti