...

PFL prezidenti Premyer Liqanın oyunlarında hakimlərin səsinin yazılması məsələsinə aydınlıq gətirib

İdman Materials 5 Noyabr 2012 15:52 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında futbolçu ilə hakim arasında yaranan mübahisənin sübutu üçün hakimlərin səslərinin yazılmasına ehtiyac yoxdur.
PFL prezidenti Premyer Liqanın oyunlarında hakimlərin səsinin yazılması məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Premyer Liqasında futbolçu ilə hakim arasında yaranan mübahisənin sübutu üçün hakimlərin səslərinin yazılmasına ehtiyac yoxdur. Bunu bazar ertəsi Trend-ə açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

"Oyunda dörd hakimin hamısında qulaqcıq olur. Əgər hər hansı hakim futbolçunu təhqir edərsə, onlardan biri mövcud reallığı deyər", - Musayev bildirib.

Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyasında (İFA) hakimlərin matç zamanı işlətdikləri ifadələrin audioyazıya alınması imkanları nəzərdən keçirilir. Buna səbəb ölkə çempionatının 9-cu turu çərçivəsində "Çelsi" - "Mançester Yunayted" (2:3) oyununda Mark Klattenburqun iştirakı ilə baş verən hadisə olub.

Xatırladaq ki, oktyabrın 28-də baş tutan həmin görüşdən sonra "Çelsi" Klattenburqu komandanın iki oyunçusunu, o cümlədən qaradərili futbolçu Obi Mikeli təhqir etməkdə günahlandırıb. Müvafiq şikayət federasiyaya göndərilib. Hakim isə deyilənləri inkar edir.

Musayev bildirib ki, Azərbaycanda hakimliyin səviyyəsi xarici ölkələrin çempionatları ilə müqayisədə yüksəkdir.

"Azərbaycan Premyer Liqasında hakim səhvinə görə cəzalar da, tənbehlər də olur. Azərbaycanda hakimlərin qərəzindən söhbət gedə bilməz. Azərbaycanda hakimliyin səviyyəsi qonşu ölkələrlə müqayisədə yüksəkdir. Buna görə AFFA prezidenti Rövnəq Abdullayevə, Baş katib Elxan Məmmədova, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova təşəkkür edirəm", - PFL prezidenti qeyd edib.

Futbolda danışılmış oyunlara görə cəzaların sərtləşdirilməsi məsələsinə gəlincə, Musayev buna lüzum olmadığını deyib.

"Rəhbərlik etdiyim beş il ərzində Azərbaycanda danışılmış oyunla bağlı hər hansı rəsmi şikayət daxil olmayıb", - Musayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti