Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir M.Əliyev/
Hövsan Olimpiya İdman Kompleksində şənbə günü idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə yarışlara start verilib.
Trend-in məlumatına görə, yarışların açılışında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov turnir iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb. O bildirib ki, 2012-ci il Azərbaycan idmanı üçün ölkə tarixində ən uğurlu illərdən biri olub: "Bu il ərzində idmanın bütün sahələrində Azərbaycan idmançıları uğurlara imza atıblar".
İsmayılov bu il Londonda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının tarixi qələbələr qazandığını deyib və qeyd edib ki, olimpiadanın nəticəsinə görə, Azərbaycan dünya miqyasında 30-cu, Avropada 15-ci, İslam ölkələri arasında isə üçüncü yerə layiq görülüb.
Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin idmançılara göstərdiyi qayğı öz nəticəsini verir və Azərbaycan dünyanın ən öndə gedən idman ölkələrindən birinə çevrilib.
"Bu gün bütün regionlarda idmanla məşğul olmaq üçün şərait var. İdmana kütləvilik gündən-günə artır", - o deyib.
İsmayılov Azərbaycan gimnastlarının, akrobatlarının da Olimpiya Oyunlarında medallar qazanacağına əminliyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının dekabrın 22-23-də ilk dəfə üç növ - idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə keçirdiyi yarışlarda rekord sayda - 117 gimnast iştirak edir.
İdmançılar paytaxtın beş idman cəmiyyəti (Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Nizami rayonunun İdman Məktəbi, "Neftçi" və "Təhsil" cəmiyyətləri), həmçinin Sumqayıt və Balakəni təmsil edirlər.
Yarışın ilk günündə təsnifat çıxışları (akrobatlar və tamblinqçilər), ikinci günü isə onların çoxnövçülük üzrə final yarışı olacaq. İdman gimnastikasında isə çempionlar hər iki yarış günündə elan ediləcək.
Yarış ilk dəfə Hövsan qəsəbəsində keçirilir. Azərbaycan Gimnastika Federasiyası artıq müxtəlif meydançalarda yarışların keçirilməsi təcrübəsinə malikdir. Turnirlərdən bəziləri Qusar və Şağan Olimpiya İdman komplekslərində uğurla keçirilib.