...

Beynəlxalq Hərbi İdman Şurasının 1-ci Dünya Futbol Kuboku Bakıda təşkil ediləcək

İdman Materials 27 Fevral 2013 12:30 (UTC +04:00)
Bu gün Azərbaycan Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının 1-ci Dünya Futbol Kubokunun Bakıda təşkili haqqında müqavilə imzalanıb.
Beynəlxalq Hərbi İdman Şurasının 1-ci Dünya Futbol Kuboku Bakıda təşkil ediləcək

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının 1-ci Dünya Futbol Kubokunun Bakıda təşkili haqqında müqavilə imzalanıb.

Trend-in məlumatına görə, müqaviləni Azərbaycan tərəfindən müdafiə nazirinin müavini, general leytenant Çingiz Məmmədov, Beynəlxalq Hərbi İdman Şurası tərəfindən isə Şuranın sədri polkovnik Hamand Kalkuba Malboum imzalayıb.

Müqaviləyə əsasən, cari il aprelin 29-da Kubokun püşkatma, iyulun 2-də açılış və iyulun 14-də bağlanış mərasimləri keçiriləcək.

Bu çempionatda BHİŞ-ə üzv ölkələrdən 16 komandanın işrtirakı gözlənilir. Bu günə qədər məlum olan komandalar Amerika qitəsindən Braziliya, ABŞ, Kanada, Afrika qitəsindən Əlcəzair, Kamerun, Fil Dişi Sahili, Keniya və Mali, Avropa qitəsindən Almaniya, Fransadır, üçüncü komanda isə martın 8-də Niderland ilə Kipr arasında keçiriləcək oyunun nəticəsində məlum olacaq. Asiya qitəsindən Oman, İraq, Bəhreyn və Qətər, 16-cı komanda isə ev sahibi kimi Azərbaycan olacaq.

BHİŞ ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 500-ə qədər idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayının 100 nəfərə yaxın olması gözlənilir.

Yarışlar "Şəfa", "Dalğa", "Bayıl" və "Zirə" stadionlarında keçiriliəcək.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosasiyasının İcra Komitəsinin üzvlərindən ibarət təşkilat komitəsi yaradılıb və fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti