...

Güləş üzrə Avropa çempionatı başladı (FOTO)

İdman Materials 19 Mart 2013 21:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı start götürüb. Trend-in məlumatına görə, yarışın ilk günündə Azərbaycan idmanşıları da medal uğrunda mübarizə aparıblar.

Qadın güləşçilər arasında 48 kiloqram çəki dərəcəsində azərbaycanlı idmançı Patimat Baqomedova bürünc medal qazanıb. İdmançımız ayağında zədə olmasına baxmayaraq polşalı qadın güləşçi ilə sonadək uğurla mübarizə aparıb qalib gəlib. Bu çəki dərəcəsində çempionatın qızıl medalına rusiyalı idmançı layiq görülüb.

Qeyd edək ki, sərbəst güləş üzrə yarışlarda ölkəmizi Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Məhəmməd Müslümov (66 kq), Aleksandr Qostiyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov təmsil edəcək. Yığma komanda baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çempionatda iştirak edir.

Qadın güləşi üzrə yığma komandanın heyətində Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq),Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb.

Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi və böyük məşqçilər Nasir Nurbaxış, Elçin Əliyev (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Rodomir Petkoviçə (120 kq) şans verib.

Çempionatın proqramına əsasən, martın 19, 20, 21 və 22-də sərbəst və qadın güləşi üzrə, 23-24-də isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti