Azərbaycan, Bakı, 5 may /Trend/
Azərbaycanın kayak və kanoe üzrə milli komandası İtaliyanın Milan şəhərində keçirilmiş Dünya kubokunun I mərhələsində mübarizə aparıb. Ölkəmizi 6 kanoeçi və 2 kayakçı təmsil edib.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə verilən məlumata görə, kanoeçilərimizdən 4-ü müxtəlif məsafələrə yürüşlərdə finaladək irəliləməyi bacarıb. 1 nəfərlik qayıqla 1000 metr məsafəyə həlledici yürüşdə Mikola Matviyçuk 3 dəqiqə 59,040 saniyə nəticə ilə 5-ci yeri tutub.
2 nəfərlik qayıqla (C-2) mübarizə aparan Sergey Bezuqlıy - Aleksey Kupin dueti həm 1000 metr, həm də 500 metr məsafəyə həlledici yürüşlərdə çıxış edib. Cütlük 500 metr məsafəyə 1 dəqiqə 41,048 saniyəyə 5-ci, 1000 metr məsafəni isə 3 dəqiqə 39,525 saniyəyə 6-cı çatıb.
Finala daha bir vəsiqəni 1 nəfərlik kanoe qayığı (C-1) ilə 500 metr məsafəyə yürüşdə Anatoli Melnik əldə edib. Amma A.Melnik həlledici yürüşdə 1 dəqiqə 54,636 saniyə nəticə ilə 8-ci olub. O, 200 metr məsafəyə yürüşdə isə 43,438 saniyə nəticə ilə 18-ci yeri tutub.
Digər təmsilçilərimizə gəldikdə, Mikita Sablin həm 500 metr, həm də 200 metr məsafəyə yürüşdə çıxışlarını yarımfinalda başa vurub. Mikola Matviyçuk və Taras Matviyçuk 5000 metr məsafəyə yürüşdə finişə çata bilməyiblər. T.Matviyçuk 1000 metr məsafəyə yürüşdə isə mübarizəni yarımfinalda dayandırıb.
Kayakçılarımızdan Aleksandr Piçugin 1 nəfərlik qayıqla (K-1) 500 metr, Tamerlan Mustafayev - Aleksandr Piçugin dueti 2 nəfərlik qayıqla (K-2) həm 500 metr, həm də 200 metr məsafəyə yürüşdə əsas finala yüksələ bilməyib. Mustafayev - Piçugin cütlüyü 500 metr məsafəyə yürüşü 15-ci pillədə başa vurub.
Təmsilçilərimizdən heç biri mükafatçılar sırasına düşə bilməsə də, Matviyçuk 5 xal, Bezuqlıy - Kupin dueti 4 xal qazana bilib. Nəticədə Azərbaycan 9 xalla ümumi komanda hesabında 37 ölkə arasında 17-ci yeri tutub.