...

Avropa çempionatında tarixi nailiyyət

İdman Materials 30 İyun 2014 00:26 (UTC +04:00)
Fransanın Mant-an-İvelin şəhərində yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında Avropa çempionatında Azərbaycan milli komandası tarixi nailiyyətə imza atıb.
Avropa çempionatında tarixi nailiyyət

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Fransanın Mant-an-İvelin şəhərində yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında Avropa çempionatında Azərbaycan milli komandası tarixi nailiyyətə imza atıb.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkəmiz nüfuzlu yarışlarda ilk dəfə kayak növündə medal qazanıb. Çempionatın son günündə Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə final yürüşündə finişə 1 dəqiqə 40,812 saniyəyə çataraq, bürünc medala yiyələnib. Danimarkalı Orion Pilo 1 dəqiqə 40,092 saniyə nəticə ilə Avropa çempionu, rumıniyalı Kostantin Mironesku isə 1 dəqiqə 40,220 saniyə göstərici ilə vitse-çempion olub. Beləliklə, Cavadovun uzun müddət davam edən səyləri və əziyyətləri bəhrəsini verib.

Bununla da Azərbaycan yığması Avropa çempionatını 2 bürünc medalla başa vurub. Daha öncə 23 yaşadək kanoeçilərimizdən 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Taras Matviyçuk - Aleksey Kupin dueti fəxri kürsüyə yüksəlməyi bacarıb.

Çempionatın son günündə kayak və kanoeçilərimiz daha 4 əsas final yürüşündə çıxış ediblər. Mikita Sablin yeniyetmələr arasında 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə 42,968 saniyə nəticə ilə 7-ci, 500 metr məsafəyə yürüşdə isə 1 dəqiqə 57,500 saniyə göstərici ilə 8-ci olub.

23 yaşadək kanoeçilərin mübarizəsində Anatoli Melnik 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəni 1 dəqiqə 55,156 saniyəyə qət edərək, 5-ci yeri tutub.

23 yaşadək kanoeçilərin 2 nəfərlik qayıqla (C-2) 500 metr məsafəyə yürüşündə Taras Matviyçuk - Aleksey Kupin dueti də 1 dəqiqə 42,908 saniyə göstərici ilə 5-ci olub. Onlar bürünc medal qazanmış rumıniyalı Kristian George - Kosmin Simyon duetindən cəmi 0,532 saniyə geri qalıblar.

Digər yürüşlərə gəldikdə, Mirnazim Cavadov 23 yaşadək kayakçılar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə B finalında (10 - 18-ci yerlər) 36,572 saniyə nəticə ilə 11-ci, Aleksey Solovey - Amil Hüseynli dueti yeniyetmələr arasında 2 nəfərlik qayıqla (K-2) 500 metr məsafəyə yürüşdə 1 dəqiqə 39.236 saniyə nəticə ilə, Amil Hüseynli 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yürüşdə 39,076 saniyə göstərici ilə 14-cü yeri tutub.

Xəbər lenti

Xəbər lenti