...

Boksçu Fariz Məmmədov aldığı məğlubiyyətdən danışdı: “Əvvəlki formamı bərpa edəcəm”

İdman Materials 9 Noyabr 2014 15:10 (UTC +04:00)
“2016-cı ildə Braziliya keçiriləcək olimpiadaya lisenziya qazanmaq barədə fikirləşirəm”.
Boksçu Fariz Məmmədov aldığı məğlubiyyətdən danışdı: “Əvvəlki formamı bərpa edəcəm”

Azərbaycan, Bakı, 9 noyabr /Trend /

"2016-cı ildə Braziliya keçiriləcək olimpiadaya lisenziya qazanmaq barədə fikirləşirəm". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanlı peşəkar boksçu Fariz Məmmədov AİBA Pro Boxing turnirində Rusiya təmsilçisi Andrey Zamkovoya məğlubiyyəti haqda danışarkən deyib.

F.Məmmədov bildirib ki, Zamkovoy 69 kq-da ən güclü boksçulardandır: "Uca boylu idmançı 2006-cı ildən stabil çıxış edir. Mənə qarşı ağılla döyüşdü və qələbə qazandı. Döyüşə hazır deyilsənsə rinqə çıxmalı deyilsən. Bəhanə axtarmıram. Etiraf edirəm ki, Zamkovoy qələbə qazandı. Bununla belə gələcək haqda düşünürəm. Onunla revanş almaq barədə deyil, 2016-cı ildə Braziliya keçiriləcək olimpiadaya lisenziya qazanmaq barədə fikirləşirəm. Boksda məğlub olmaq, həm də döyülmək deməkdir. Rinqdə zərbələrdən qaçmaq, rəqibi nişan almaq asan deyil. Mən bu çətinliyə hər zaman hazır olmuşam".

F.Məmmədov deyib ki, Zamkova məğlubiyyətdən sonra üzü gülmür: "Azarkeşlərə, dostlar və boks ictimaiyyətinə borcum var. Siz tezliklə yenidən gözlədiyiniz Farizi görəcəksiniz".

F.Məmmədov uduzmağının səbəblərindən biri kimi görüş ərəfəsində ciddi xəstələndiyini bildirib: "Bir ay əzrində xəstə olduğum üçün görüşə istədiyim kimi hazırlaşa bilmədim. Bunu o görüşdən əvvəl desəydim, başqa tərzdə anlaşılacaqdı. Amma xəstələndiyimə görə istədiyimi rinqdə göstərə bilmədim. O qədər ciddi xəstələnmişdim ki, hətta görüşə çıxmaq istəmirdim. Digər təmsilçimiz Məhəmmədrəsul Məcidov xəstələndiyinə görə görüşə çıxmadığından mənim başqa yolum yox idi. Mən döyüşməli idim. Azərbaycan belə mötəbər yarış keçirdir. Belə halda iki boksçu rinqə çıxmasaydı, azarkeşlər tərəfindən düzgün qəbul edilməzdi. Məcidov döyüşəcəyi halda mən görüşə çıxmayacaqdım".

Qeyd edək ki, Zamkovoya məğlubiyyətdən sonra burnundan zədələnən Fariz Məmmədov hazırda müalicəsini davam etdirir.

Həkimlər ona 3 ay ərzində rinqə çıxmağa icazə verməsə də, F.Məmmədov noyabrın son günlərində AİBA Pro Boxing turnirində mübarizə aparmaq niyyətində olduğunu deyib: "Belə zədədən sonra 3 ay idmanla məşğul olmaq olmaz. Amma noyabrın 29-30-u ikinci turun görüşləri olacaq. İstəyirəm hazırlaşım və rinqdə əsl gücümü göstərim. Sadəcə həkimlər son qərarı verməyə tələsmir. Noyabrın 15-də son qərar veriləcək. Həkimlər icazə verməsə, ikinci görüşdə iştirak edə bilməyəcəm. Çünki, onlar belə halda rinqə çıxmağın sağlamlığıma ziyan olduğunu bildirir."

Karyerası barədə danışan F.Məmmədov ən böyük arzusunun olimpiya çempionluğu olduğunu deyib. Məlum səbəbdən 7 il boksla məşğul olmadığını bildiriən boksçu 2015-ci ildə artıq əvvəlki formasını tam bərpa edəcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti