...

Bakı 2015 Avropa Oyunları Mingəçevir şəhərində Kanoe sprinti idman növü üzrə könüllüləri işə cəlb edir

İdman Materials 13 Noyabr 2014 21:38 (UTC +04:00)
Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq Bakı 2015 Avropa Oyunları bu gün Mingəçevir şəhərində Kanoe sprinti idman növü üzrə könüllü proqramının təşviqatını aparmışdır.
Bakı 2015 Avropa Oyunları Mingəçevir şəhərində Kanoe sprinti idman növü üzrə könüllüləri işə cəlb edir

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq Bakı 2015 Avropa Oyunları bu gün Mingəçevir şəhərində Kanoe sprinti idman növü üzrə könüllü proqramının təşviqatını aparmışdır.

Proqramla bağlı müraciət edənləri gələn ilin yayında keçiriləcək yarışlarda köməklik etməyə və Azərbaycanı dünyada tanıtmağa həvəsləndirmək məqsədilə Bakı 2015 komandasının rəhbər işçiləri Avropa Oyunlarının təqdimatını keçirmişlər.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən olan rəsmi şəxslər də Mingəçevir Politexnik İnstitutunda keçirilmiş təqdimatda və idmanla bağlı son məlumatların elan edilməsində iştirak etmişlər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq demişdir: "Bakı 2015-in könülləri idmançılara, rəsmi şəxslərə və tamaşaçılara özlərini evlərindəki kimi hiss etmələrinə kömək etməklə birinci Avropa Oyunlarının canlanması və maraqlı olması baxımından çox əhəmiyyətlidirlər.

Avropa Oyunları bütün Azərbaycana fayda gətirəcək, ona görə də, Mingəçevir şəhərini dünya səviyyəli idman məkanı kimi tanıtmağa kömək edəcək yerli könüllülərin olması bizim üçün olduqca vacibdir."

Mingəçevir öz su anbarları ilə məşhurdur. Orada üç yarış günü ərzində 350 nəfər idmançı qızıl medal uğrunda suya baş vuracaq. Ümumilikdə, 12 Baydarka yarışı (kişilər və qadınlar arasında) və üç Kanoe sprinti yarışı (yalnız kişilər arasında) keçiriləcək.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru cənab Uilyam Lui-Mari demişdir: "Mingəçevirdəki Avarçəkmə Mərkəzi yüksək keyfiyyətli obyektdir. Beynəlxalq standartlar əsasında əsaslı təmir edilmiş mərkəz region, eyni zamanda, bütün ölkə üçün uzunmüddətli fayda verəcək.

Avropa Oyunları üçün burada, Mingəçevir şəhərində könüllülük etmək və bu cür tarixi yarışların mühüm hissəsi olmaq imkanını təklif etməkdən çox şadıq."

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) gələn ilin yayında keçiriləcək yarışlarda mühüm rolları yerinə yetirəcək 12000 nəfər könüllünü işə cəlb edəcək. Könüllülər Oyunlar zamanı yüksək vəzifəli şəxslərin və idmançıların qarşılanması, idman yarışlarında işləmək, yaxud media üzvlərinə köməklik göstərmək kimi rolları icra emək imkanı əldə edəcəklər.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru Nar Mobile Bakı 2015 Avropa Oyunlarının Könüllü proqramının rəsmi sponsorudur. Nar Mobile, habelə, 12000 könüllü üçün Avropa Oyunları ilə bağlı ən son xəbərlərdən məlumatlı olmalarına imkan yaradacaq yeni innovativ mobil proqram yükləməsi yaradacaq.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti