...

"Kəpəz" kamerunlu legionerlə gücləndi (FOTO)

İdman Materials 30 Sentyabr 2015 18:55 (UTC +04:00)
“Kəpəz” futbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.
"Kəpəz" kamerunlu legionerlə gücləndi (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

"Kəpəz" futbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə təmsilçisi sıralarına afrikalı legioner qatıb. Dünən klubun düşərgəsinə qoşulan futbolçu artıq komandanın məşqlərində iştirak edir.

Tam adı Ebah Tobie Julien Jerom olan oyunçu "Kəpəz"ə Kamerundan dəvət olunub. 25 yaşlı futbolçu öz ölkəsinin klublarında və müxtəlif yaş qrupları üzrə yığma komandalarında, eləcə də əsas millidə forma geyinib. Hücumçu mövqeyində çıxış edən Julien 16 qolla Kamerun çempionatının bombardiri olub və yığmanın heyətində meydana çıxdığı 5 görüşdə bir qola imza atıb.

İlk dəfədir ki, legioner həyatı yaşayan kamerunlu Gəncə komandasının ön xətdəki problemlərini həll etməlidir.

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib: "Bu futbolçunun oyununa çox baxmışıq. Kamerun yığmasına çağırılan bir oyunçudur. Bizim komandaya necə adaptasiya olunacağı vacibdir. Hücumda problemlərimiz var, güclənmək istəyirik. Mən elə gəlir ki, o öz oyunu ilə transferi düzgün edib-etmədiyimizi göstərəcək".

J.Jeromun Premyer Liqanın 7-ci turunda yeni komandasının heyətində debüt edəcəyi gözlənilir. Ş.Diniyevin şans verəcəyi təqdirdə gəncəli azarkeşlər "Sumqayıt"la ev oyununda forvardı meydanda görəcəklər. Yeri gəlmişkən, kamerunlu sarı-göylərin cari mövsümdə 22-ci, eyni zamanda 2015-ci il üçün son transferidir.

"Kəpəz"in yeni transferi komandada 90 nömrəli formanı geyinəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti