...

Tanınmış belçikalı referi Bakıdadır (FOTO)

İdman Materials 28 Noyabr 2015 14:49 (UTC +04:00)
Belçikalı sabiq FIFA referisi Frank de Bleker Azərbaycana gəlib.
Tanınmış belçikalı referi Bakıdadır (FOTO)

Bakı. Trend:

Belçikalı sabiq FIFA referisi Frank de Bleker Azərbaycana gəlib.

Trend Peşəkar Futbol Liqasına (PFL) istinadən məlumat verir ki, AFFA-nın dəvəti ilə ölkəmizə təşrif buyuran 49 yaşlı sabiq FİFA referisi hazırda UEFA CORE (gənc və istedadlı hakimlər üçün təşkil olunan kurs) kursunda təlimatçıdır. Azərbaycandan həmin kursda referi Ömər Paşayev, eləcə də köməkçi hakimlər Akif Əmirəli və Kamran Bayramov iştirak edirlər.

F.Blekerin Azərbaycana səfərinin əsas məqsədi perspektiv vəd edən gənc hakimlərimizin idarə etdiyi oyunlara baxmaq və bu barədə müvafiq qurumlara məlumat verməkdir.

Hesabat turunun 3 oyununu - AZAL - "Sumqayıt", "Zirə" - "Xəzər Lənkəran" və Ö.Paşayevin baş hakim olduğu "Neftçi" - "Qarabağ" matçlarını izləyəcək rəsmi şəxs bu gün PFL-in prezidenti Ramin Musayevlə də görüşüb. Görüşdə F.Blekerlə yanaşı, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və gənc hakim Ö.Paşayev iştirak etdilər. Bir saata yaxın davam edən dialoqda Azərbaycan hakimliyinin hazırkı durumu və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Növbəti görüşün yaxın gələcəkdə reallaşmasına qərar verilib.

Qeyd edək ki, tanınmış hakim F.Bleker 14 il FİFA hakimi olub və iki dünya, eləcə də bir Avropa çempionatının final mərhələsində idarəçilik edib. O, Çempionlar Liqasının final mərhələsində ümumilikdə 47 dəfə ədaləti qoruyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti